Türkiyənin Samsun şəhərindəki On Doqquz May Universitetində (OMU) Azərbaycanın təqdimat günü keçirilib. SİA-nın məlumatına görə, OMU-nun Beynəlxalq Tələbələr Topluluğu tərəfindən Atatürk Konqres və Mədəniyyət Mərkəzində təşkil olunan təqdimat gününə universitetin müəllim və tələbələri qatılıb.
Təqdimat günündə iştirak edən Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova ölkələrimiz arasındakı təhsil əlaqələrinin keçmişə dayandığını deyib: “XX əsrin əvvəllərində də heç bir protokol müqaviləsi olmadan bizim vətəndaşlarımız gəlib Türkiyədə təhsil alıblar. Bu gün də eyni proses davam edir. Yalnız bir fərqlə, artıq sizin ölkənin gəncləri də bizim universitetlərimizdə təhsil alırlar. İnanıram ki, hər iki ölkənin gəncləri gələcəkdə bu iki qardaş ölkənin sarsılmaz körpüləri olacaqlar”.
OMU-nun rektor müavini, professor Mehmet Ali Cengiz isə iki ölkənin ortaq dəyərlərinin olduğunu vurğulayaraq ölkələrimizin yad deyil, qardaş olduğunu söyləyib. O, təqdimat günündə əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Çıxışlardan sonra Azərbaycanı tanıdan video nümayiş edilib. Nümayişdən sonra azərbaycanlı tələbələr hazırladıqları teatr, xalq oyunları və milli musiqilərlə qonaqlara gözəl anlar yaşadıblar.
Təhsil müşaviri Nəcibə Nəsibova başda On Doqquz May Universitetinin rektoru Sait Bilgiç olmaqla Azərbaycanın təqdimat günündə əməyi keçənlərə diplom təqdim edib. Sait Bilgiç də Nəcibə Nəsibovaya sertifikat verib.
Sonda qonaqlar Azərbaycan plovunun dadına baxıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB