Böyük İpək Yolunun üzərində mövcud olan tarixi şəhərlərin dünya irsində yerinin müəyyən edilməsi, İpək Yolunun əhatə etdiyi tarixi dövrün mədəni irsinin YUNESKO-nun Dünya İrs Siyahısına salınması məsələlərinin müzakirəsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyində nazirin birinci müavini Vaqif Əliyev, nazir müavini Sevda Məmmədəliyeva, XİN-nin YUNESKO üzrə Milli Komissiyasının Baş Katibi Elnur Sultanov, AMEA-nın Şərqşunaslıq və Arxeologiya və Etnoqrafiya İnstitutlarının alimlərinin iştirakı ilə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə bildirilib ki,"İpək yolu“ strategiyası Ümummilli Lider Heydər Əliyevin uzaq görən, uğurlu iqtisadi siyasətinin nəticəsidir.
Müstəqilliyin ilk illərində yaranmış ağır sosial-iqtisadi vəziyyət, nəqliyyat-iqtisadi blokadanın davam etməsi, keçmiş təsərrüfat əlaqələrinin qırılması, Avropa və Dünya bazarına çıxışın olmaması dövlət müstəqilliyimiz üçün ciddi təhlükə yaradıb. Belə bir şəraitdə Avropa Komissiyasının müstəqillik əldə etmiş ölkələr üçün hazırladığı TRASEKA layihəsi və ölkə rəhbərliyinin bu layihəni qətiyyətlə dəstəkləməsi, dövlətçiliyimizin qorunması və onun iqtisadi və siyasi cəhətdən möhkəmləndirilməsi üçün geniş imkanlar açıb.
Ümummilli Lider Heydər Əliyev məqsədyönlü və kompleks tədbirlər həyata keçirməklə “Tarixi İpək yolu”nun bərpası ideyasını xəyaldan reallığa çevirdi.Bu nəhəng layihənin gerçəkləşdirilməsi nəticəsində Azərbaycan Şərqlə-Qərb arasında strateji körpü rolunu oynayan əlverişli tranzit əhəmiyyətli ölkəyə, Cənubi Qafqazın lider dövlətinə çevrilib.
Eyni zamanda bildirilib ki, iki minillik ərzində qərblə şərqi birləşdirən Böyük İpək yolu öz tarixi əhəmiyyətini yenidən bərpa etməklə, 1000 il bundan əvvəl olduğu kimi müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında körpü yaratmaq imkanına malik olduğu qeyd edilib. Böyük İpək Yolunun yenidən bərpası ideyasının perspektivləri və gerçəkləşdirilməsi imkanlarının öyrənilməsinə UNESKO-nun himayəsi ilə Beynəlxalq Komissiya hələ 1980-ci ildə başlayıb. Bu məqsədlə 1989-cu ildə Moskvada, 1990-cı ildə Səmərqənddə, 1991-ci ildə Urgəncdə və 1992-ci ildə Donetskdə keçirilən forum və seminarlarda layihənin inkişaf məsələləri və istiqamətləri müzakirə edilib. 2008-ci ildə Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və YUNESKO-nun nəzdində fəaliyyət göstərən Mərkəzi Asiya Tədqiqatları Beynəlxalq İnstitutunun təşkilatçılığı ilə“Strabon yolu” Böyük İpək Yolunun bir hissəsi kimi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Azərbaycan ərazisi Çin ilə Avropa arasında qızıl qapı rolunu oynayıb. Bu marşrutla Şərqdən Mərkəzi Avropa ölkələrinə əvvəlcə ipək daha sonra ədviyyat, qızıl, gümüş, briliant, mirvari və s., Avropadan Şərq ölkələrinə isə qalay, sink, civə, mahud parça və s. daşınıb. İpək Yolu Dərbənd, Şirvan, Şəki, Beyləqan, Gəncə, Qəbələ, Təbriz və Naxçıvanda ipəkçiliyin inkişafına güclü təkan verib, onların hər birinin ipəkçilik ticarət mərkəzinə çevrilməsinə şərait yaradaraq məşhurlaşmasına səbəb olub. Tacirlər buradan Avropaya neft, qiymətli daşlar, duz, zəy, yun, pambıq, mineral boyalar, farmakoloji dava-dərman və bir çox başqa şeylər aparırıblar. Yerli mis məmulatlar: qab-qacaq, şamdanlar, astronomiya cihazları böyük şöhrət qazanıb. Böyük İpək Yolunun Azərbaycan tarixində tutduğu yeri, mədəni irsinə verdiyi tövhələr, bu irsin qorunması və beynəlxalq aləmdə tanıdılması istiqamətdə aparılacaq işlər müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB