Sumqayıt Dövlət Dram Teatrı “Toy olsun” komediyası ilə çıxış edib
Sumqayıt Dövlət Dram Teatrı Səməd Vurğun adına Rus Dram Teatrının səhnəsində “Toy olsun” komediyası ilə çıxış edib. SİA-nın məlumatına görə, xalq artistləri Afaq Bəşirqızı və Valeh Kərimovun iştirakı ilə hazırlanmış “Toy olsun” komediyası Bakı tamaşaçıları tərəfindən maraqla qarşılanıb. İsi Məlikzadə və Süleyman Ələsgərovun birgə yaradıcılıq məhsuluna quruluşu teatrın baş rejissoru əməkdar artist Firudin Məhərrəmov verib.
Qeyd edək ki teatrda müxtəlif yaş qruplarına, zövqlərə xitab edən iki yeni tamaşa hazırlanır. Danimarkalı nasir Hans Xristian Andersenin nağıllarının motivləri əsasında səhnələşdirilən “Şahzadənin ulduzu” tamaşasının quruluşçu rejissoru Vasif Məmmədovdur.
Digər əsər - Türk yazarı Turqut Özakmanın “Ocaq” dramı əməkdar artist Firudin Məhərrəmovun quruluşunda səhnə həlli tapıb. Ailə dramının yaxın günlərdə təhvil verilməsi nəzərdə tutulur və 48-ci mövsümün məhz bu əsərlə yekunlaşdırılması planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə