Sumqayıt şəhərində Üzeyir Hacıbəylinin abidə kompleksinin açılış mərasimi keçirilib-FOTOSESSİYA

Sumqayıt şəhərində Üzeyir Hacıbəylinin abidə kompleksinin açılış mərasimi keçirilib-FOTOSESSİYA
Bu gün Sumqayıt şəhərində Azərbaycan musiqisinin banisi, dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 125 illik yubileyi münasibəti ilə dahi bəstəkarın abidə kompleskinin açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, açılış mərasimində çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev şəhərdə gedən abadlıq işlərindən və mədəni həyatındakı yeniliklərdən söz açıb.

İcra başçısı Sumqayıtda Üzeyir Hacıbəyli abidəsinin açılışını önəmli hadisə kimi qiymətləndirərək bunu şəhərin mədəni həyatı üçün yüksək hal hesab edib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev öz çıxışında Üzeyir Hacıbəylinin Azərbaycan ədəbi-mədəni tarixində danılmaz xidmətlərindən danışıb, görkəmli bəstəkarın anadan olmasının 125 illik yubileyinə həsr olunan tədbirlərin bundan sonra da davam edəcəyini vurğulayıb.

Nazir onu da qeyd edib ki, Üzeyir Hacıbəylinin əsərləri həmişə hər bir azərbaycanlının qəlbində yaşayacaq və bütün dünyada səslənəcək. Ə.Qarayev bəstəkarın 125 illik yubileyinin tək Azərbaycanda deyil, dünyanın bir sıra ölkəsində də qeyd olunacağını diqqətə çatdırıb.

Tədbir Üzeyir Hacıbəylinin operalarından parçaların ifası ilə davam etdirilib.

Sumqayıt şəhərinin baş rəssamı Vaqif Nəzirovun müəllifi olduğu Ü.Hacıbəylinin abidəsinin ümumi hündürlüyü 12 metr, postamentin oturacaq ölçüsü 7,5 x 7,5 m-dir. Postament royal formasında olub, qara qranitlə üzlənib, yüksələn hissəsi orqan borularının simvolik təsviri kimi verilib, üzərində 5 metr yüksəklikdə yerləşən bürüncdən hazırlanan barelyefin fonu isə ağ mərmərdən üzük qaşı formasında işlənilib. Əks tərəfdən isə eyni fon üzərində milli musiqi alətlərimizin, tar, kaman və qavalın tökmə bürüncdən təsviri yerləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə