Keçmişimiz, bu günümüz mövzusunda elm - praktiki konfrans keçirilib SƏS TV

Keçmişimiz, bu günümüz mövzusunda elm - praktiki konfrans keçirilib SƏS TV

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Mədəniyyət və Turizim Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Milli Konservatoriyası, Ü. Hacıbəylinin adına Bakı Musiqi Akademiyası və digər musiqi təşkilatlarının iştirakı ilə Azərbaycan Milli Musiqi Alətləri: Keçmişimiz, bu günümüz mövzusunda elmi-praktiki konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda Azərbaycan Respublikasının Standartlaşdırma və Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədrinin müavini Niyazi Rəhimov, Azərbaycan Respublikası Mədəniyyət və Turizim Nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi və digərləri çıxış ediblər.

Konfransı giriş sözü ilə Azərbaycan Respublikası Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədr müavini Niyazi Rəhimov açaraq çıxışında sənayenin effektivliyinin artırılması üçün yeni texnologiyaların yeni yanaşmaların və ixtiraların tətbiqinin həlledici əhəmiyyətə malik olduğunu qeyd edib. Onun sözlərinə görə, əqli mülkiyyət hüquqlarının qorunması təkcə sənaye və ticarət kontekstində deyil, müasir dövrdə mədəniyyət sferasında da aktuallığını qoruyur.

Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyev çıxışında Azərbaycan zəngin musiqi sənətinin çoxəsrlik inkişaf tarixinə malik olduğunu, ölkəmizin musiqi diyarı kimi tanındığını, Azərbaycanın musiqinin inkişafında mühüm xidmətləri olduğunu qeyd edib.

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib ki, xalq musiqisi xəzinəsinə daxil olan xalq mahnılarımızın, mili musiqi alətlərimizin, Azərbaycan mətbəxinə daxil olan xörək növlərinin və digər mədəniyyət nümunələrinin ermənilər tərəfindən mənimsənilərək özününküləşdirilməsinə dəfələrlə cəhd edilib. Onun sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra musiqi alətlərimizin inkişafı ilə bağlı dövlət tərəfindən son dərəcə vacib, dəyərli addımlar atılıb.

Konfransda həmçinin Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi çıxış edərək bildirib ki, qədimdən olan alətlər qorunub saxlanılmalıdır, növləri dəqiqləşdirilməli gələcək nəsillərə çatdırılmalıdır: " Azərbaycanda əvvələr musiqi alətləri ilə bağlı iki fabrik mövcud idi. Hazırda isə bu fabriklər mövcud deyil. Bu alətlərin hazırlanması kütləvi xarakter daşımalıdır".

Konfransda həmçinin Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, Azərbaycan Filarmoniyasının direktor müavini Afət Mikayılov və digərləri çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə