Novruz bayramına həsr olunan silsilə tədbirlər çərçivəsində ABŞ-ın paytaxtı Vaşinqtonun ən tanınmış məkanlarından biri Konqresin Tomas Cefferson adına Kitabxanasında Azərbaycanın ABŞ-dakı səfirliyinin və kitabxananın regional bölməsinin dəstəyilə həmvətənimiz Fəridə Buyuranın "Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti" (Pomegranates and Saffron: A Culinary Journey to Azerbaijan) adlı kitabının rəsmi təqdimat mərasimi keçirilib. SİA-ya səfirlikdən verilən məlumata görə, tədbirdə xarici diplomatlar, kitabxananın ziyarətçiləri və həmçinin Amerikada yaşayan həmvətənlərimiz iştirak ediblər. 2014 və 2015-ci illərdə Azərbaycanın ABŞ-dakı səfirliyi və SOCAR-ın dəstəyi ilə iki buraxılışla nəşr edilmiş sözügedən kitab Amerika ictimaiyyətinə təqdim edilən mətbəximizə həsr edilmiş ilk nəşrdir. Beş böyük beynəlxalq mükafata layiq görülmüş və 317 səhifədən ibarət kitabda oxuculara milli yeməklərimizin Qərb ölkələri şəraitində hazırlanması üçün uyğunlaşdırılmış reseptləri təklif olunur. Kitaba, həmçinin Fəridə Buyuranın məşhur azcookbook.com bloqundan seçilmiş reseptlər daxil edilib. Bundan başqa, kitaba Azərbaycan mədəniyyəti haqqında hekayələr, ölkəmizin mətbəxinin tarixi, milli bayramlar barədə məlumatlar da daxil edilib. Tədbirdə kitabxananın Afrika və Yaxın Şərq bölməsinin rəhbəri Meri-Ceyn Dib və Türkiyə üzrə mütəxəssis Coan Viks çıxış edərək kitab və Azərbaycan mədəniyyəti barəsində öz təəssüratlarını bölüşüblər. Natiqlər çıxışları zamanı Novruz bayramının tarixinə və bu bayramı qeyd edən xalqlara, onların ənənələrinə xüsusi diqqət yetiriblər.
Səfir Elin Süleymanov çıxışında Fəridə Buyuranın müəllifi olduğu kitabın ölkəmizin qədim tarixinin, zəngin mədəniyyətinin və ən əsası ləziz mətbəxini əks etdirdiyini deyib. Novruz bayramının qədim tarixi barədə məlumat verərək, bayramın böyük coğrafi məkanda müxtəlif xalqları birləşdirən qədim ənənə olduğunu bildirib. Daha sonra kitab müəllifi tərəfindən qonaqlara Azərbaycan milli mətbəxinin tarixi barədə ətraflı məlumat verilib. Öz çıxışında F.Buyuran Azərbaycanın müxtəlif bölgələrinin mətbəxlərinin xüsusiyyətlərinə dair danışaraq, Azərbaycanın müxtəlif ənənələri bir araya gətirən zəngin mədəniyyətə sahib cəmiyyət olduğunu qeyd edib. Fəridə Buyuranın çıxışı tədbirin çoxsaylı iştirakçıları tərəfindən böyük maraq və diqqətlə qarşılanıb.
Təqdimatın sonunda Azərbaycan milli mətbəxinin yemək və şirniyyatlarından ibarət müxtəlif təamlar qonaqlara təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB