“Batalyon” sənədli filminin təqdimatı olub FOTOLAR

“Batalyon” sənədli filminin təqdimatı olub FOTOLAR

Mədəniyyət və Turizm Nazirliyi və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Tərtər rayon Mədəniyyət Mərkəzində Qarabağ müharibəsi zamanı Tərtər batalyonunun keçdiyi şərəfli döyüş yolundan bəhs edən, dövlət sifarişi ilə "Yaddaş" sənədli filmlər studiyasında çəkilmiş "Batalyon" sənədli filminin təqdimatı olub. SİA-nın məlumatına görə, öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində yerləşən abidəsini ziyarət edərək, abidə önünə tər gül-çiçək dəstələri qoyublar.

Tərtər rayon rəhbərliyinin, veteranların, hərbiçilərin, ağsaqqalların, ziyalıların və digər ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadə açaraq, torpaqlarımızın müdafiəsinə qalxıb, vətən uğrunda canını fəda edən qəhrəmanlarımıza xalqımız və dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıdan danışıb. Dövlət sifarişi ilə Qarabağ mövzusunda çəkilən onlarla bədii, sənədli film, eyni zamanda, "Azərbaycanın Milli Qəhrəmanları" adlı yetmişdən çox sənədli filmlər silsiləsi və bu filmlərin vaxtaşırı olaraq ölkənin müxtəlif bölgələrində keçirilən nümayişləri haqqında məlumat verib.

Sonra film nümayiş olunaraq böyük maraqla qarşılanıb. Nümayişdən sonra digər çıxış edənlər - filmin rejissoru, Əməkdar incəsənət xadimi Nizami Abbas, Tərtər batalyonunun sabiq komandirlərindən olan Pənah Məmmədov Tərtər batalyonun göstərdiyi qəhrəmanlıqlar və filmlə bağlı təəssüratlarını bölüşüblər.

Sonda Tərtər Rayonu İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, bu cür filmlərin ərsəyə gətirilməsinə görə Mədəniyyət və Turizm Nazirliyinə, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

Əsgər və zabitlərimizi qələbəyə ruhlandırmaq, onlarda hərbi-vətənpərvərlik hissini daha da gücləndirmək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində də "Batalyon" sənədli filminin nümayişi keçirilmiş və film tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə