Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Bərdə rayon Mədəniyyət Mərkəzində Mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirilib. SİA-nın məlumatına görə, seminar müşavirənin gündəliyində dövr ərzində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Cari ay ərzində görüləcək işlərdən söz açılaraq mədəni -kütləvi tədbirlərin, konsert proqramlarının və sair işlərin təşkil olunması müzakirə olunub. Müşavirədə 8 Mart Beynəlxalq Qadınlar bayramı, Beynəlxalq Novruz bayramı ilə əlaqədar Bərdə rayonunda mədəni- kütləvi tədbirlərin təşkili haqqında, həmçinin 31 mart Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar tədbirlərin təşkil olunması haqqında geniş çıxışlar edilib.
Seminar-müşavirədə çıxış edən Regional İdarənin Bərdə rayon nümayəndəliyi üzrə məsləhətçisi- Validə Nabatova müşavirə iştirakçılarını salamlayıb. Daha sonra Validə xanım qarşıdan gələn 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə Regional İdarənin kollektivi adından bütün Azərbaycan xanımlarına təbriklərini çatdırıb. Çıxışına davam edən Validə xanım mart ayının bayramlar ayı olmasından söz açaraq mədəniyyət işçilərini rəngarəng tədbirlər keçirməyə dəvət edib.
Seminar-müşavirənin rəsmi hissəsindən sonra Mədəniyyət Mərkəzinin filialı olan Hacallı kənd Folklor klubunun özfəaliyyət kollektivi 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş "Qadınlar başımızın tacıdır" adlı konsert proqramını təqdim edib. İlk musiqi çələngini ansamblın solisti Vüsal Mirzəyev təqdim edib. Ansamblın solisti Elçin Məmmədov "Ruhani" aşıq havası ilə tamaşaçılara xoş anlar yaşadıb. Bundan başqa Ansamblın solistlərindən Ramin Mikayılov "Şuşanın dağları" mahnısını, Ziyəddin Salmanov "Dilkeş təsnifi"ni təqdim ediblər. Nofəl İslamovun qarmonda ifa etdiyi "Türkün bayrağı" musiqisi alqışlarla qarşılanıb. Sonda Hacallı kənd Folklor klubunun müdiri Xəqani İmanov yaradılan şəraitə görə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi İlyas Hacıyevə, Regional İdarəsinin məsləhətçisi Validə Nabatovaya və Bərdə rayon Mədəniyyət Mərkəzinin direktoru Gülbəs Məmmədovaya dərin təşəkkürünü bildirib.







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB