Nazir müavini Hökumətlərarası Komissiyanın növbəti iclasında FOTOLAR
Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Fransa Respublikasının Paris şəhərində keçirilmiş Azərbaycan-Fransa İqtisadi Komissiyasının səkkizinci iclasında iştirak edib. SİA-nın məlumatına görə, iclas çərçivəsində mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın inkişafı və imzalanmış sənədlər çərçivəsində fəaliyyətin intensivləşdirilməsi barədə fikir mübadiləsi aparılıb.
Mədəniyyət sahəsində əməkdaşlığın perspektivlərindən danışan iclas iştirakçıları tərəfindən peşəkar yaradıcı kollektivlərin və incəsənət ustalarının iştirakı ilə qarşılıqlı qastrol və konsert proqramlarının təşkili, beynəlxalq incəsənət festivallarında musiqi və teatr kollektivlərinin qarşılıqlı iştirakı, kinematoqrafiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və hər iki ölkədə keçirilən beynəlxalq film festivallarında qarşılıqlı iştirak, hər iki ölkənin mədəniyyət təsisatları, o cümlədən muzey, kitabxana və digər təşkilatlar arasında birbaşa əlaqələrin təşviqi, Luvr Muzeyi ilə Azərbaycan Milli İncəsənət Muzeyi arasında əməkdaşlığın genişləndirilməsi, musiqi, xoreoqrafiya, təsviri və tətbiqi incəsənət və s. kimi sahələrdə ustad-siniflərin keçirilməsi, incəsənət əsərləri və mədəniyyət abidələrinin bərpası sahəsində təcrübə mübadiləsi, mədəni və təbii irs obyektlərinin qorunması üzrə Fransa təcrübəsinin öyrənilməsi məsələləri müzakirə olunub.
Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndən söhbət açan Sevda Məmmədəliyeva bu sənədin müvafiq bəndlərində nəzərdə tutulan müddəaları Azərbaycan ilə digər ölkələr, o cümlədən Fransa arasında turizm sahəsində əməkdaşlığa töhfə verəcək növbəti təqdirəlayiq addım kimi qiymətləndirib və Fransa investorlarının Azərbaycanda turizm-rekreasiya zonalarının inkişafına cəlb edilməsini təklif edib.
İclas zamanı İki ölkə arasında turizm sahəsində əlaqələrin perspektivləri, o cümlədən turizm sahəsində Fransanın MEDEF və digər şirkətlər assosiasiyaları və Azərbaycan şirkətləri arasında birbaşa əlaqələrin intensivləşdirilməsi, Azərbaycanda aqrar turizmin və turizm digər növlərinin inkişafı üzrə Fransa təcrübəsinin öyrənilməsi, Azərbaycan Turizm və Menecment Universiteti ilə Sorbon Universitetinin Turizm üzrə Ali təhsil və Tədqiqatlar İnstitutu (İREST) arasında əməkdaşlığın genişləndirilməsi, turizm sahəsinin müxtəlif istiqamətləri üzrə kadr hazırlığı, Gilan Holding və Accor arasında hotel tikintisi sahəsinə investisiya qoyuluşu üzrə əməkdaşlığın zəruriliyi vurğulanıb.
Çoxtərəfli çərçivədə əməkdaşlığın əhəmiyyətindən söhbət açan iclas iştirakçıları BMT-nin Ümumdünya Turizm Təşkilatı çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi, Azərbaycanda "Aleksandr Düma Qafqazda" və digər mədəni-turizm marşrutlarının inkişafında Fransanın iştirakının gücləndirilməsinə dair fikir mübadiləsi aparıblar.
Nazir müavini Sevda Məmmədəliyeva mədəniyyətlərarası dialoq və multikulturalizm dəyərlərinin təşviqi sahəsində ölkəmizdə görülən işlərdən bəhs edərək, "Bakı prosesi" və cari ilin 25-27 aprel tarixində ölkəmizdə keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının Vll Qlobal Forumu haqqında məlumat verib və Fransa tərəfini 2017-ci ilin 5-6 may tarixində Bakıda baş tutacaq lV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda yüksək səviyyədə iştiraka dəvət edib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB