“TÜRKSOY – Azərbaycan” adlı kitab-albomun təqdimatı keçirilib FOTOLAR

“TÜRKSOY – Azərbaycan” adlı kitab-albomun təqdimatı keçirilib FOTOLAR

Bakıdakı Atatürk Mərkəzində "TÜRKSOY – Azərbaycan" adlı kitab-albomun təqdimatı keçirildi. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş nəşr TÜRKSOY təşkilatı tərəfindən hazırlanıb. SİA-nın məlumatına görə, mərasimdə çıxış edən mərkəzin rəhbəri, AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov TÜRKSOY-un fəaliyyətindən söz açıb. Bildirib ki, təşkilat faəliyyətə başladığı dövrdən türk xalqları arasında mədəni əlaqələrin güclənməsinə öz töhvəsini verir.

Qeyd olundu ki, türk xalqları arasında əməkdaşlığın inkişafının başlıca yolu mədəni münasibətlərin gücləndirilməsidir. TÜRKSOY da bu tarixi missiyanın öhdəsindən gəlməyi bacarır. Bu istiqamətdə atılan mühüm addımlardan biri də "Türk dünyasının mədəniyyət paytaxtı" layihəsidir ki, 2016-cı ildə Şəki şəhəri "paytaxt" elan olunmuşdu. 2017-ci il üçün isə Xoca Əhməd Yasəvinin vətəni, Qazaxıstanın Türkistan şəhəri "Türk dünyasının mədəniyyət paytaxtı" seçilib.

Nizami Cəfərov yeni nəşri ölkəmizin müstəqillik tarixinə layiqli töhfə kimi dəyərləndirib.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirdi ki, qurum tərəfindən bu il müstəqilliyinin 25-ci ildönümünü qeyd edən Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Özbəkistana həsr olunmuş 5 kitab nəşr olunub. Kitabda TÜRKSOY-la Azərbaycanın birgə həyata keçirdikləri tədbirlər, yubleylər, təqdimatlar yer alıb. Burada yer alan materiallar 2008-2016-cı illəri əhatə edir.

Düsen Kaseinov həmçinin Azərbaycanın TÜRKSOY-un fəaliyyətinin genişləndirilməsində önəmli rol oynadığını diqqətə çatdırıb.

Kitabın müəllifi, Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı çıxış edərək nəşrin əhəmiyyətindən söz açdı, ölkəmizin təşkilatla əməkdaşlığını yüksək qiymətləndirib.

Qeyd olundu ki, dahi qırğız şair və mütəfəkkiri, dövlət xadimi Yusif Xas Hacib Balasaqunlunun anadan olmasının 1000 illiyi münasibətilə TÜRKSOY tərəfindən 2016-cı il "Yusif Balasaqunlu ili" elan olunmuşdu. Bu çərçivədə Azərbaycanda, Türkiyə, Qazaxıstan və Qırğızıstanda yubiley tədbirləri, konfrans və simpoziumlar keçirilib.

Daha sonra mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, professor Şirməmməd Hüseynov, millət vəkili Nizami Cəfərov, türkoloq Ramiz Əsgər, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və KATV1 kanalının rəhbəri Samir Qurbanovun TÜRKSOY-un "Yusif Balasaqunlu" medalına layiq görüldüyü elan olunub.

Həmçinin Azərbaycanın və digər türkdilli ölkələrin mədəniyyət xadimlərinə "Şəki türk dünyasının mədəniyyət paytaxtı - 2016" layihəsinin simvolları təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə