Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ilə Bolqarıstan Səyahət Agentlikləri Assosiasiyasının Prezidenti Svetlana Atanasova arasında görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Nərgiz Qurbanova da iştirak edib.
Görüş zamanı Azərbaycanın turizm siyasətindən danışan Nazim Səmədov yerli turizm potensialı, zəngin mədəniyyət və mədəni sərvətlərinin təbliğinin ölkəmizin turizm məkanı kimi məşhurlaşmasına xidmət etdiyini bildirib.
İki ölkə arasında turizm sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparan görüş iştirakçıları tərəfindən Bolqarıstanın mütəmadi olaraq ölkəmizdə təşkil edilən Beynəlxalq Turizm və Səyahətlər Sərgisində (AİTF) iştirakı və Azərbaycan ilə Bolqarıstanın turizm şirkətləri arasında birbaşa əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Nazim Səmədov Azərbaycanda sağlamlıq turizminin inkişafından söhbət açaraq unikal bioloji keyfiyyətlərə malik olan dünya şöhrətli "Naftalan" balneoloji kurortu, "Duzdağ" fizioterapiya mərkəzi və bu kurortların turistlər üçün cəlbediciliyi barədə məlumat verib.
Nazir müavini həmçinin elektron viza sisteminin tətbiq edilməsi ilə Azərbaycanın turistlər üçün daha rahat ziyarət edilə biləcək ölkəyə çevrildiyini qeyd edib.
Svetlana Atanasova rəhbərlik etdiyi assosiasiyanın 1992-ci ildə yaradıldığını, 100-ə yaxın turizm agentliyi və operatorunu öz ətrafında birləşdirdiyini bildiridi və qurumun fəaliyyəti barədə məlumat verib.
Azərbaycanın turistlər üçün cəlbedici məkan olduğunu qeyd edən Svetlana Atanasova Assosiasiyaya üzv olan şirkətlər ilə Azərbaycanın turizm şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar olduğunu vurğulayıb.
Nərgiz Qurbanova Səfirlik tərəfindən Bolqarıstanda Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı təşkil olunan müxtəlif tədbirlər barədə danışıb. Ölkənin zəngin mədəniyyətə və qədim dövlətçilik ənənələrinə malik olduğunu qeyd edən Səfir 2016-cı ilin 14 dekabr tarixində Sofiya Universitetində Qafqaz Albaniyası irsinə həsr olunan tədbirin keçiriləcəyini, həmçinin 4 dekabr tarixində Sofiyanın Ekspo Mərkəzində xeyriyyə bazarının təşkil ediləcəyi və Azərbaycan mətbəxinin də orada təmsil olunacağını bildirib. Assosiasiyanın rəhbərləri və üzvləri qeyd olunan tədbirlərə dəvət olunublar.
Nazim Səmədov Azərbaycanın multikultural irsə malik ölkə olduğunu qeyd edərək, ölkəmizdə müxtəlif turizm marşrutlarının mövcudluğu barədə məlumat verib və qarşı tərəfi Azərbaycanın turizm subyektləri ilə daha sıx əməkdaşlığa dəvət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB