“Abdulla Şaiq. Biblioqrafiya” kitabı və “Abdulla Şaiq” elektron toplusunun təqdimatı keçirildi FOTOLAR

“Abdulla Şaiq. Biblioqrafiya” kitabı və “Abdulla Şaiq” elektron toplusunun təqdimatı keçirildi FOTOLAR

Azərbaycan Milli Kitabxanasında "Abdulla Şaiq. Biblioqrafiya" kitabının və "Abdulla Şaiq" elektron məlumat bazasının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, kitab və elektron toplu F.Köçərli adına Respublika Uşaq Kitabxanasının "Uşaq ədəbiyyatı xəzinəsindən" seriyası çərçivəsində hazırlanıb.

Tədbiri açan Milli Kitabxananın direktoru Kərim Tahirov biblioqrafik vəsaitlərin nəşr edilməsinin əhəmiyyətindən bəhs edib.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək uşaq ədəbiyyatına dair layihələrin həyata keçirilməsini təqdirəlayiq hal adlandırıb. Qeyd edib ki, uşaq yaddaşına həkk olunan düzgün informasiya onların təlim-tərbiyəsində və həyata düzgün baxışında böyük əhəmiyyət kəsb edir. Bu baxımdan çap edilən uşaq ədəbiyyatı nümunələrinin rolu danılmazdır.

Bildirilib ki, Abdulla Şaiqə həsr edilən biblioqrafiyanın çap edilməsi ədəbi mühitimizdə əlamətdar hadisədir. Biblioqrafiya ədibin həyat və yaradıcılığını geniş və əhatəli şəkildə təqdim edir. Kitabı vərəqlədikdə Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, şair, yazıçı, tərcüməçi, maarifçi, təhsil təəssübkeşi olan bir insanın həyat yolu gözlərimiz qarşısında canlanır. Vaqif Əliyev biblioqrafiyanı Abdulla Şaiq xatirəsinə ədəbi abidə kimi dəyərləndirərək kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsi təbrik edib.

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, biblioqrafiyanın "Ön söz" müəllifi professor Alxan Bayramoğlu, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, biblioqrafiyanın tərtibçisi Nazilə Tahirova, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova, şair Qəşəm Nəcəfzadə və digərləri çıxış edərək kitabın əhəmiyyətindən danışıblar.

Vurğulanıb ki, kitab və elektron məlumat bazası Abdulla Şaiq Talıbzadənin anadan olmasının 135 illiyi münasibətilə hazırlanıb. Biblioqrafiya üzərində iş 2014-cü ildə başlanıb. Respublika Uşaq Kitabxanasının əməkdaşları tərəfindən tərtib olunan 448 səhifəlik biblioqrafik topluda A.Şaiqin 1906-2016-cı ilədək nəşr olunan əsərləri, həyat və yaradıcılığı haqqında materiallar əks olunub. Biblioqrafiyada Abdulla Şaiqin həyat yoluna, yaradıcılıq fəaliyyətinə dair fakt və tarixlərlə yanaşı, əsərlərinin nəşr mənbələri, onların yer aldığı çap məhsullarının çeşidi, onun haqqında yazan müəlliflərin əsərlərinin çap edildiyi nəşrlər və s. əksini tapıb. Kitabda 2000-dən çox mənbə göstərilib.

Biblioqrafiyanın əhəmiyyətli cəhətlərindən biri də ənənəvi çap məhsulları ilə yanaşı, görkəmli ədibin mənzil muzeyində mühafizə olunan qiymətli fond materiallarını, əlyazmalarını, məktublarını və şəxsi arxiv sənədlərini də əhatə etməsi və həmin materialların kitaba əlavələr şəklində verilməsidir.

Ədibin yaradıcılığı və ictimai fəaliyyəti barədə danışan natiqlər onu da bildiriblər ki, Abdulla Şaiq yaratdığı bədii əsərlərlə milli ədəbiyyatımızın zənginləşməsinə çalışıb, ədəbi fikrin, maarif və mədəniyyətin inkişafına təsir göstərib.

Onun uşaq pyesləri, dram əsərləri bu günədək teatrların repertuarında özünəməxsus yer tutur. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, ədibin adını daşıyan Azərbaycan Dövlət Kukla Teatrının repertuarında maraqlı, öz aktuallığını itirməyən əsərləri tamaşaya qoyulur.

Sonda Abdulla Şaiqin mənzil-muzeyinin direktoru Ülkər Talıbzadə çıxış edərək biblioqrafiya və elektron məlumat bazasının yaradılmasında zəhməti olan şəxslərə təşəkkür edib. Bildirib ki, görkəmli şəxsiyyətlərə həsr edilən ədəbi nümunələr onların irsinin yaşadılmasına ən dəyərli töhfədir.

Sonra elektron bazanın təqdimatı olub. Baza Abdulla Şaiqin həyat və yaradıcılığı, əsərləri, müdrik kəlamları, görkəmli şəxslərin ədib haqqında fikirləri, sözlərinə yazılmış mahnılar - ümumilikdə 11 bölmədən ibarətdir.

Tədbirdə "Abdulla Şaiq - 135" adlı kitab sərgisi nümayiş olundu, şairin sözlərinə yazılmış mahnılar səsləndirilib, 190 saylı orta məktəb və Modern məktəbin şagirdlərinin ifasında şeirləri deyilib.

Bütün xəbərlər Facebook səhifəmizdə