"Gənclərimizdə xalçaçılıq sənətinə qarşı həvəs yaratmaq niyyətindəyik"

"Gənclərimizdə xalçaçılıq sənətinə qarşı həvəs yaratmaq niyyətindəyik"

Xəbər verdiyimiz kimi, Azərbaycan Xalça Muzeyində "Azərbaycanın mədəni sərvəti" layihəsi çərçivəsində parça tikmə və milli geyimlərin bərpası üzrə mühazirələr və ustad dərsləri davam edir. Nədənsə bu dərslərə orta yaşlı insanlardan fərqli olaraq gənclərin bir o qədərdə marağı yoxdur. Məsələ ilə əlaqədar olaraq Xalça Muzeyinin mətbuat katibi Fuad Rəsulovla əlaqə saxladıq. SİA-ya açıqlama verən F.Rəsulov bu sözləri bildirdi: " "Azərbaycanın mədəni sərvəti" layihəsi çərçivəsində parça tikmə və milli geyimlərin bərpası üzrə mühazirələr və ustad dərsləri UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçirilir. Düzdür ki, bu dərslərdə cavanlardan çox, orta yaşlı təbəqəli insanlar iştirak edir. Dərslərdə Azərbaycan Xalça Muzeyinin əməkdaşları və digər muzeylərin işçiləri bu layihəyə qatılıb. "Azərbaycanın mədəni sərvəti" proyektini həyata keçirməklə xalçaçılığı, tariximizi öyrənmək üçün gənclərdə maraq oyatmaq istədik. Onları xalçaçılıq sənətinə həvəsləndirmək istədik. Bəzi savadlı gənclərimiz var ki, biliklərini daha da mükəmməlləşdirmək üçün xarici ölkələrdə təhsil alırlar. Onlar xalçaçılıq sənətinə yaxşı yiyələnərək, azərbacanlı olmayan dostlarına bu haqda danışa bilərlər. Tələbələr dillər əzbəri olan Qarabağ xalçalarımızdan bəhs edə bilərlər. Ümid edirəm ki, bu layihə çərçivəsində gənclərimizdə xalçaçılıq sənətinə qarşı həvəs yarada biləcəyik. Onu da qeyd edim ki, bu sahəyə marağı olan hər bir kəs bizə müraciət edərək, ödənişsiz şəkildə dərslərə qatıla bilər".

Nəzərinizə çatdıraq ki, bu dəfə ustad dərsləri Rusiyanın Bərpa üzrə Dövlət Elmi-Tədqiqat İnstitutunun yüksək dərəcəli bərpaçı-rəssamları Sofya Martyanova və Yuliya Xrebtova tərəfindən aparılacaq.

Qeyd edək ki, 41 gün davam edəcək ustad dərsləri və mühazirələrdə Azərbaycanla yanaşı, Almaniya, Qazaxıstan və Rusiyadan dəvət olunmuş mütəxəssislər də iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə