Xalq artisti Yaşar Nurinin 65 illiyi qeyd olunub FOTOLAR

Xalq artisti Yaşar Nurinin 65 illiyi qeyd olunub FOTOLAR

Akademik Milli Dram Teatrında xalq artisti Yaşar Nurinin anadan olmasının 65 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib. SİA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən gecədə tanınmış simalar, mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Qonaqlar ilk növbədə Y.Nurinin sənət yolunu əks etdirən fotosərgini izləyiblər. Daha sonra sənətkarın həyat və yaradıcılığının əks olunduğu videoçarx nümayiş olunub.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək Yaşar Nurinin həyat və yaradıcılığından, sənət fəaliyyətindən söz açıb: "Yaşar Nuri biri-birindən maraqlı obrazlar yaradan aktyorun teatr və kino sənətinin inkişafında, formalaşmasında əvəzsiz xidmətləri olub. Yaşar Nuri teatr aktyoru kimi tanınmaqla yanaşı, həm də məşhur kino ustası kimi sevilib. Ona böyük populyarlıq qazandıran ekran əsərləri, 50-dək bədii filmdə yaratdığı obrazları sənətkara geniş tamaşaçı auditoriyası qazandırıb. O, bir-birindən maraq doğuran bədii kompozisiyalar və satirik səhnəciklərdə iştirak edərək tamaşaçılar tərəfindən hər zaman sevilib, alqışlanıb. Belə ki, onlardan "Yollar görüşəndə", "Ömrün yolları", "Qatarda", "Evləri köndələn yar", "Kökdən düşmüş piano", "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" trilogiyası, "Göz həkimi", "Ac həriflər" və başqa televiziya tamaşalarını misal göstərmək olar".

Tədbirdə Akademik Milli Dram Teatrının direktoru, xalq artisti Azərpaşa Nemət Y.Nurinin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən danışaraq onun yaratdığı obrazlar qalereyasına nəzər salıb: "Yaşar Nuri cəsarətli aktyor kimi qəliz rəqs nömrələrini, muğam və estrada, o cümlədən aşıq musiqisi üzərində qurulan satirik, dramatik, psixoloji, komik və karnaval estetikasına uyğun obrazların ifasında uğur qazana bilməklə yanaşı, böyük tamaşaçı qəlbinə yol tapa bilib. Sənətkarın işıqlı xatirəsi Azərbaycan tamaşaçısının yaddaşında daim yaşayacaq və mədəniyyətimiz var olduqca, Yaşar Nuri də hər zaman xatırlanacaq".

Tədbirdə sənətkarın vaxtı ilə iştirak etdiyi səhnə əsərlərindən fraqmentlər təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə