ABŞ-ın paytaxtı Vaşinqton şəhərində yerləşən və Corc Vaşinqton Universitetinin nəzdində fəaliyyət göstərən məşhur Tekstil muzeyində Azərbaycan Mədəniyyəti Günü keçirilib. SİA-ya ölkəmizin ABŞ-dakı səfirliyindən verilən məlumata görə, tədbir səfirliyin, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Corc Vaşinqton Universitetinin Azərbaycanlı Tələbələr Assosiasiyası tərəfindən təşkil edilib. Mədəniyyət Günündə bu universitetin tələbə, müəllim və tədqiqatçıları, eləcə də ABŞ paytaxtının ictimaiyyət nümayəndələri iştirak ediblər.
Corc Vaşinqton Universitetinin Beynəlxalq strategiya üzrə dekanı Duqlas Şau (Douglas Shaw) Azərbaycan mədəniyyətinin zənginliyini vurğulayıb, tədbirin təşkilini yüksək qiymətləndirib. Həmçinin, Corc Vaşinqton Universitetinin tələbəsi Çilənay Səfərli və səfirlik əməkdaşları tərəfindən qonaqlara Azərbaycanın zəngin tarixi, mədəni irsi, o cümlədən milli musiqisi və geyimləri, xalçaları və rəsm əsərləri, zəngin tarixi irsə əsaslanan Azərbaycanın mültikulturalizm ənənələri və bu sahədə dövlət siyasəti barədə təqdimatlar edilib.
Daha sonra ölkəmizin tarixi, coğrafiyası, turizm potensialı, o cümlədən Bakı və bölgələrdə görməli yerlərdən bəhs edən video çarxlar nümayiş etdirilib. Eyni zamanda Azərbaycanla bağlı interaktiv oyunlar təşkil olunub, qaliblərə ölkəmizə dair xatirə hədiyyələri təqdim edilib. Sonra qonaqlar üçün Azərbaycanın zəngin mətbəxinin ləziz yeməkləri, şirniyyat və içkilərindən ibarət ziyafət təşkil olunub.
Qonaqlar, həmçinin milli musiqimizin klassik parçaları ilə tanış olub, onlara ölkəmiz barədə çap materialları paylanılıb.
Hər zaman olduğu kimi, Azərbaycanın zəngin və rəngarəng mədəniyyəti bu dəfə də ABŞ paytaxtının ictimaiyyət nümayəndələrini valeh edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB