Vaqif Əliyev kitab təqdimatında FOTOLAR

Vaqif Əliyev kitab təqdimatında FOTOLAR

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti "Azərbaycanda qonaq olarkən - Mədəniyyət və Mətbəx" adlı kitabın təqdimat mərasiminə qatılıb. SİA-nın məlumatına görə, Frankfurt Kitab Sərgisinin ziyarətçiləri ilə yanaşı Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Başar Kömür, Almaniyanın Reynland Pfalts əyalətinin millət vəkili Rahim Şmitt və Azərbaycanın Almaniyadakı Səfirliyinin ikinci katibi Sara Abbasovanın da iştirak etdiyi mərasim sərginin Qurme salonunda baş tutub.

Təqdimat zamanı ilk öncə Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samirə İsmayılova və Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin köməkçisi Arzu Təbrizli hər kəsi salamlayıb və kitab haqqında qonaqlara geniş məlumat veriblər. Bildiriblər ki, adıçəkilən kitab Avropa Azərbaycanlıları Konqresinin təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ərsəyə gəlib.

Almaniyalı fotoqraf Barbara Lütterbekin son iki il ərzində Azərbaycana etdiyi işgüzar səfərlərinin nəticəsində "Azərbaycanda qonaq olarkən -Mədəniyyət və Mətbəx" adlı foto-kitab hazırlanıb.

Kitab Azərbaycanın tarixi, xalqın adət-ənənləri, mədəniyyəti və mətbəxi haqqında dəyərli məlumatlardan və rəngarəng fotoşəkillərdən ibarətdir.

Nəşr üzərində redaktə işi Heydər Əliyev Fondu və Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu ilə müştərək həyata keçirilib.

İki hissədən ibarət kitabın ilk hissəsi Azərbaycanın tanıtımına, ikinci hissəsi isə milli mətbəximizə həsr olunub.

Kitab Almaniyada fəaliyyət göstərən "WIENEND" nəşriyyat evində çap edilib.

Tədbirin sonunda qonaqlara "Azərbaycanda qonaq olarkən - Mədəniyyət və Mətbəx" kitabının alman və ingilis dillərində çap olunmuş nüsxələri hədiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə