Uzun müddət yaradıcılığını izlədiyim, yetişdirdiyi tələbələr nəinki Azərbaycanda, hətta ondan kənarlarda da tanınan Mahirə Ələkbər qızı Quliyeva ilə həmsöhbət oldum. Onunla söhbət etdikdə ilk öncə mətbuat sahəsində çalışanları, yəni özümüzü qınadım ki, niyə bu vaxta qədər belə istedadlı xanım haqqında demək olar ki, az yazılıb. Niyə onun ayrı-ayrı janrlı geniş yaradıcılığı layiqincə təbliğ olunmayıb?
Ona görə də ilk öncə Mahirə xanımı oxucularla yaxından tanış etmək istəyirəm.
Qısa arayış: Mahirə Ələkbər qızı Quliyeva 1964-cü il aprel ayının 20-də Bakı şəhərində məşhur musiqiçi Ələkbər Əsgərovun ailəsində dünyaya gəlib. Ələkbər müəllim bütün nəfəs alətlərinin mahir ifaçısı idi. Anası Nəsibə xanım kimyaçı qadın idi və akademik Yusif Məmmədəliyevin laboratoriyasında çalışırdı. Hamı inanırdı ki, kimya sahəsində böyük uğurlar əldə edəcək. Lakin ailə həyatı qurduqdan sonra bu vəzifədən uzaqlaşıb və evdar xanım olub. Amma şeiriyyətə böyük marağı olduğuna görə, çoxlu şeirlər yazıb və bəziləri saytlarda çap olunub. Əsgərovlar ailəsinin 8 övladı var. Onlardan altısı ali təhsillidir, ikisi orta ixtisas təhsili alıb. Həmin övladlardan biri olan Mahirə xanım isə musiqi müəlliməsidir. Lap uşaq yaşlarından həkim olmaq həvəsi ilə yaşayan Mahirə, hələ 5 yaşı olanda, ondan böyük qardaşı Ədalət piano dərslərinə getdiyinə görə, onun piano çalmasına qulaq asmaqla yavaş-yavaş özü də bu alətdə çalıb. Daxilində qanla gələn musiqiyə həvəs göstərməsi, onu Bakı şəhər 1 nömrəli musiqi məktəbinə gətirib və burada 7 il təhsil alıb. Atasının məsləhəti ilə yarıkönül sənədlərini Sumqayıt Musiqi Texnikumuna verib. Artıq ikinci kursda oxuyanda qət edib ki, həkim yox musiqiçi olacaq. Texnikumu bitirəndən sonra təyinatla bir müddət Quba Musiqi Məktəbində müəllimə işləyib. Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano və orqan ixtisasları üzrə ali təhsil alıb. Buranı əla qiymətlərlə bitirib. Hal-hazırda isə Azərbaycan Milli Konservatoriyasında müəllimə işləyir. Mahirə xanım indi həm atasının və həm də anasının yolunu uğurla davam etdirir. Şeirlər yazır, mahnılar bəstələyir və musiqi sənətindən dərs deyir. Hətta rəssam kimi onun çox maraqlı əl işləri də var.
.jpg)
.jpg)
- Siz həkim olmaq istəmisiniz. Hətta bu haqda orta məktəb illərində çoxlu kitablar oxumusunuz. Bəs necə oldu ki, bu sənətin ardınca getmədiniz?
- Bəli, mən lap uşaq yaşlarımdan həkim olmaq arzusunda olmuşam. Xalq təbabəti ilə daha çox maraqlanmışam. Musiqi sahəsində təhsil alsam da, tibb sahəsində də çoxlu kitablar oxumuşam. Özümü tərif üçün demirəm, bu gün də tibbi sahə ilə çox maraqlanıram. Hətta üç övladımın üçü də balaca olanda birdən-birə xəstəxanaya düşmüşdülər. Həkimlər də onların əlacını tapa bilmirdilər. Aptekə gedib dərman istədim. Aptek müdiri dedi ki, həmin dərman yoxdur, əvəzedicisini verim. Mən də dedim ki, axı siz təklif etdiyiniz dərmanla mənim dediyimin tərkibi eyni deyil. O, təəccüblə üzümə baxıb dedi ki, axı heç həkimlərin çoxu bu dərmanların tərkibini bilmirlər. Bəs siz musiqiçi ola-ola bunu haradan bilirsiniz? Dedim ki, "kitablardan oxumuşam və bilirəm. Uşaqlıqdan da həkim olmaq istəmişəm".
Sonra aptek müdiri mən deyən dərmanı tapıb gətirdi. Mən həmin dərmanı alsam da, uşaqlara köməklik etmədi. Amma mən xalq təbabəti vasitəsi ilə uşaqlarımı özüm sağaltdım. Allah da bu yolda mənə yardımçı oldu. İndi də yaxınlarımızdan kimsə xəstələnəndə mən onlara xalq təbabəti vasitəsi ilə məsləhətlərimi verib, müalicə edirəm. Amma musiqiyə isə atamın tövsiyyəsi ilə gəlmişəm.
- Bəlkə atanızın şöhrəti sizi musiqiyə gətirib? Axı sizin atanız Ələkbər Əsgərov çox məşhur musiqiçi idi. Özü mahnılar da bəstələyirdi. Hətta onun Sumqayıt Musiqi Texnikumunda yaratdığı "Dügah" ansamblı həmin vaxtlar Sovetlər Birliyində məşhur idi. Yadımdadır ki, tez-tez qastrol səfərlərinə gedirdi. Bu ansambl və atanız haqqında mətbuatda tez-tez yazılır və televizorda maraqlı verlişlər göstərilirdi.
- Sözsüz ki, atam məşhur misiqiçi olduğuna görə biz onunla fəxr edirdik. Hətta mən 5 yaşımdan pianoda musiqilər çalırdım. Daha doğrusu qardaşım Ədalət musiqi məktəbinə gedirdi, mən də ona baxıb, qulaq asıb çalmağı öyrəndim. Anam musiqiyə həvəsimin olduğunu görüb, məni musiqi məktəbinə qoydu. Mən təkcə musiqi öyrənmir və hətta 3-cü sinifdə oxuyanda mahnılar da bəstələyirdim. O vaxt keçirilən müsabiqələrdə mənim bəstələdiyim əsərlər əsasən birinci yerə çıxırdı. Əfsus ki, mən həmin vaxt yazdığım musiqiləri nota köçürməyi bacarmırdım. Artıq musiqi məktəbini bitirəndə atam dedi ki, "qızım hamı səni tərifləyir və deyirlər ki, yaxşı musiqiçi ola bilərsən. Gəl sənədlərini musiqi texnikumuna ver". Mən isə dedim ki, yox, həkim olacam. Atam da dedi ki, "ay qızım, gəl, bir il musiqi texnikumunda oxu, xoşuna gəlməsə, gələn il Tibb İnstitutuna qəbul olarsan. Onsuzda orta məktəbi yaxşı qiymətlərlə bitiribsən. Tibb İnstitutuna da asanlıqla qəbul ola bilərsən". Razılaşdım. Özüm Bethovenin 5-ci sonatasını proqram kimi hazırlayıb musiqi texnikumuna imtahan verdim və qəbul oldum. Az vaxtda musiqiyə elə bağlandım ki, artıq ikinci kursda qət etdim ki, həkim yox, musiqiçi olum. Buna görə atama minnətdaram ki, o, məni düzgün yola istiqamətləndirdi. İndi heç də peşman deyiləm.
- Siz artıq musiqi texnikumunu və konservatoriyanı bitirəndə fikirləşirdiniz ki, bəstəkarlıqla məşğul olacaqsınız. Çünki lap uşaq yaşlarından maraqlı əsərlər yazırdınız. Amma siz pedaqogikanı seşdiniz. Bu nədən irəli gəldi?
- Bu uşaqlara olan məhəbbətimdən yaranıb. Mən ümumiyyətlə uşaqlara çox bağlı insanam. Tələbələrimi də özümün övladlarım qədər sevib, onlarla işləyirəm. Onu vurğulayım ki, pedaqogika nə qədər gözəl olsa da o qədər də çətin, cavabdehli sahədir. Sizə adi bir misal deyim. Bir tələbəm var Talıb İsgəndərli. O, konservatoriyanın milli vokal şöbəsinə qəbul olub. Gözəl də səsi var. Onun fortepianoya bir allergiyası vardı. Anası Sevinc də musiqi müəlliməsidir. Biz onunla bir neçə dərs keçəndən sonra o, bu musiqi alətinə necə bağlandısa özü də təəccüb etdi. İndi Milli Konservatoriyada 2-ci kursda oxuyur. Hamımız da inanırıq ki, çox yaxşı musiqiçi olacaq. O, indi həm özü peşəkarlıqla pianino çalır və həm də eyni vaxtda peşəkarlıqla mahnı oxuyur. Deməli, müəllimin birinci işi bu olmalıdır ki, tələbəyə musiqini, musiqi alətini sevdirə bilsin. İnanın nə vaxt ki, mənim tələbələrim böyük uğurlar əldə edirlər, öz istəklərinə çatırlar, mən özüm onlardan çox sevinirəm. Axı, müəllim də ikinci valideyndir. Bağbandır. Onun ərsəyə gətirdiyi fidanlar yaxşı bar verəndə o da sevinir. Mən bir məcələni də vurğulayım ki, bizim Azərbaycan Milli Konservatoriyada başda hörmətli rektorumuz, Xalq artisti, professor Siyavuş Kərimi olmaqla, bütün professorlarımız, müəllimlərimiz əllərindən gələni edirlər ki, yüksək peşəkar, savadlı mütəxəssislər yetişdirək. Çünki onlar bizim gələcəyimizdir. Özünüz də bir mütəxəssis kimi yaxşı bilirsiniz ki, Azərbaycan musiqiləri, musiqiçiləri peşəkarlığına görə dünyaın öndə gedən, aparıcı musiqilərindən, musiqiçilərindən sayılırlar və yüksək qiymətləndirilirlər.
- Siz indi həm şeir yazırsınız, həm musiqilər bəstələyirsiniz, həm rəsm əsərləri çəkirsiniz və həm də yüksək ixtisaslı musiqi müəlliməsisiniz. Bəs bütün bu işləri necə çatdırırsınız? Bu işlərin bir-birinə köməyi olurmu?
- Əlbəttə, olur. Birinci mən Allahıma borcluyam. Çünki bu istedadı mənə Böyük Yaradan verib. Əgər Ulu Tanrı mənə şərait yaratmasa mən də bütün bunları edə bilmərəm. Bütün bu işləri çatdırmaq üçün yuxusuz gecələr də keçirirəm. Yəni, yaradıcı insana vəhy gələndə bu, saata, zamana baxmır. Bəzən gecə saat 3-4-də mən yuxudan ayılıb, beynimə gələn fikirləri, hansısa şeirin yaranan misralarını yaddan çıxarmamaq üçün durub onları yazıya köçürürürəm. Həmin vaxt inanın çox istəmişəm ki, yatım, amma həmin misralar beynimdə fırlandığına görə məni yatmağa qoymayıb. Həmin misraları yazıb, sonra yatmışam. Tam, normal yata bilmədiyimə görə həmin gün yuxulu olsam da, sevinmişəm ki, mən həmin misraları yazıya köçürmüşəm. Sonra elə yol boyu həmin misraları oxumuşam. Harda görmüşəm ki, uyğunsuzluq var, həmin misraları düzəltmişəm və beləcə bir şeir yaranıb. Musiqiyə, bəstəkarlığa həvəsi atam yaratdığı kimi, şeirə həvəsi də mənə anam yaradıb. İlk şeirlərimi də ona oxumuşam və yaxşı məsləhətlər verib. Mən təhsili rus dilində aldığıma görə əvvəllər Azərbaycan dilinin incəliklərini yaxşı bilmirdim. Rus dilində şeirlərim pis alınmırdı. Amma Azərbaycan dilində yazanda çətinlik çəkirdim. Bax, anam da mənə Azərbaycan dilinin bütün incəliklərini öyrədirdi. Onu da səmimi deyim ki, mən şair deyiləm. Heç bu iddia ilə də yaşamıram. Sadəcə bu sahədə həvəskaram. Bütün bunlar da Allahın izni ilə yaranır. Elə bil ki, kimsə mənə qeybdən deyir ki, bu sözləri belə yaz. Yəni məni kimsə qeybdən idarə edir ki, bu cümlələri belə yaz və bu notları belə cəmləşdir. İnanın ki, bu həqiqətdir.
- Bu vaxta qədər çox işlərə nail olan, maraqlı musiqi əsərləri, çoxlu şeirlər yazan, orijinal rəsm əsərləri çəkən, çox istedadlı tələbələr yetişdirən Mahirə xanımın gələcək arzuları hansılardır?
- Mən səmimi deyim ki, həyatımda heç nəyi əvvəlcədən planlaşdırmıram. Hər nə baş verirsə, Allahın izni ilə baş verir. Ümumiyyətlə, nəyinsə dalınca heç vaxt qaçmamışam. Fikirləşmişəm ki, nə olacaqsa öz axarı ilə gedəcək. Sadəcə həmin axarı, anı tutmaq və onu cavabdehliklə icra etmək lazımdır. Özüm üçün gündəlik suallar qurmuram. Çünki müdriklərin belə bir məsəli var: "Allahı güldürmək istəyirsənsə, əvvəlcədən öz planların haqqında gen-bol danış". Ona görə də planları biz qurmuruq. Hər bir insan üçün planları Böyük Yaradan qurur. Biz, sadəcə onun qurduğu planları icra edirik. Biri yaxşı və biri pis icra edir. Yaxşı, ciddi icra edənin işləri alınır, böyük şöhrətlərə çatır, pis icra edənin işləri isə lazım olan səviyyədə alınmır. Ona görə də planlarım haqqında heç nə demək istəmirəm. Qismətimdə nə olacaqsa, nə varsa o da olacaq. Təki sağlıq olsun. Amma onu deyim ki, çox zəhmətsevərəm. Bütün günü yaradıcılıqla məşğul olsam da, yorulmuram və kimlərsə mənim yaradıcılığımın qarşısını kəsmək istəyəndə, bundan həvəsdən düşmürəm. Daha böyük həvəslə, zəhmətlə işləyirəm və onlara sübut etmək istəyirəm ki, mən nəyəsə qadirəm. Atam tez-tez bu el məsəlini deyirdi: "Zəhmət yemək istəmir, amma özü insanı yedirir". O, böyük zəhmətkeş olduğuna, gecə-gendüz işlədiyinə görə də onun həmişə çoxlu tələbələri olurdu. Onu çoxlu toylara dəvət edirdilər və hər yerdə də ona zəhmətinə görə hamı hörmət edirdi. Bax, bu atalar sözu də mənə atamdan əbədilik yadigar qalıb və mən də ona bacardığım qədər əməl etməyə çalışıram ki, bu müdrik kəlamı özüm üçün ali məqsəd edim.
Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB