Üzeyir Hacıbəyli festivalında orqan musiqisi konserti FOTOLAR

Üzeyir Hacıbəyli festivalında orqan musiqisi konserti FOTOLAR

Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konserti olub. SİA-nın məlumatına görə, gecənin qonağı tanınmış orqan ifaçısı Rəna İsmayılova olub.

Əvvəlcə sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Lalə Hüseynova çıxış edərək musiqi axşamı barədə ürək sözlərini bölüşüb. Qeyd edib ki, respublikanın əməkdar artisti Rəna İsmayılova on ildən bəri Almaniyanın Köln şəhərində yaşayıb fəaliyyət göstərir.

Bildirilib ki, R.İsmayılova 1974-cü ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını fortepiano və orqan ixtisasları üzrə bitirib. 1983-1986-cı illərdə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının nəzdində assistent-stajor kimi orqan ixtisası üzrə professor L.İ.Royzmanın sinfində təhsilini davam etdirib. Bakı, Moskva, Riqa, Minsk, Berlin, Köln, Düsseldorf, Altenberq və s. şəhərlərdə sıxış edib. 2001-ci ildə onun "Azərbaycan bəstəkarlarının orqan musiqisi" adlı kitabı nəşr olunub.

Konsertdə Rəna İsmayılova Q.Qarayevin "Don Kixot" simfonik qravürlərindən iki fraqment, V.Adıgözəlovun "Muğam-fantaziya", A.Əlizadnin "Muğam sədaları", ), S.İbrahimovanın "Poema-ithaf", N.Əliverdibəyovun "Bayatı-Şiraz", F.Əlizadənin "Fantaziya", eləcə də "La transfiguration du Notre Seigneur" (O.Messian), "Şotland melodiyalarına iki transkripsiya" (E.Lemare), "Chat du matn" (A.Guilmant), "Poslidio in memoriam Gara Garayev" (C.Abbasov), "Pomp and Circumstance" (E.Edqar), "Ave Maria" (F.Bədəlbəyli) əsərlərini səsləndirib.

İfaçını vokalçı solistlər Fəridə Məmmədova (soprano), Səbinə Əsədova (mezzo-soprano) və Taleh Yahyayev (bariton) müşayiət edirdilər.

Konsert proqramı musiqisevərlərin alqışları ilə qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə