Azərbaycan Konqreslər Bürosu vasitəsi ilə daha bir beynəlxalq tədbir FOTOLAR

Azərbaycan Konqreslər Bürosu vasitəsi ilə daha bir beynəlxalq tədbir FOTOLAR

Bakıda Beynəlxalq Enerji İqtisadiyyatı Assosiasiyası (International Association for Energy Economics - IAEE) təşkilatçılığı ilə "Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar" mövzusunda I Avrasiya konfransı öz işinə başlayıb. SİA-nın verdiyi xəbərə görə, tədbir dünyanın müxtəlif ölkərindən, əsasən də ABŞ və Tükiyədən olan 100-ə yaxın ekspert və mütəxəssisi bir araya gətirib.

Tədbirin ikinci günündə qonaqları Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın prezidenti Gürkan Kumbaroğlu və Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov salamlayıb.

Xəzər regionunun neft və qaz istehsal edən ölkələri, yüksək enerji qiymətləri sayəsində son on il ərzində sürətli iqtisadi artım müşahidə edib. Bu gün isə bu ölkələr ucuzlaşan neft qiymətlərindən əziyyət çəkir. Bunu nəzərə alaraq, Bakıda keçirilən konfransda "Xəzər regionunun, aşağı qiymətlər fonunda, Avropa və dünya bazarları üçün mühüm enerji təchizatçısına çevrilməsi üçün potensial varmı?", "Neft və qazın qiymət dinamikası və gözləntiləri nədir?", "Xəzər regionunun zəngin neft və qaz ehtiyatlarının çıxarılması iqtisadiyyata necə təsir edəcəkdir?", "Regional enerji təhlükəsizliyi necə təmin edilə bilər?" kimi bir çox məsələlər müzakirə ediləcək.

IAEE biznes, hökumət, akademik və digər sahələrdə enerji sektoru üzrə çalışan mütəxəssisləri bir araya gətirən müstəqil, qeyri-kommersiya təşkilatıdır. 1977-ci ildə ABŞ-da yaradılan birliyə 100-dən çox ölkədən mütəxəssislər üzv olub.

İlk olaraq, Bakının bu konfransla bağlı təklifini Büronun satış və marketinq üzrə meneceri Ayan Zeynalova IAEE-nin 2015-ci il 25-27 may tarixində Türkiyənin Antalya şəhərində keçirilən 38-ci beynəlxalq konfransında təqdim edib. +

Bakının Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın ilk Avrasiya Konfransına ev sahibliyi edəcəyi qərarı rəsmən üzv ölkələrdən olan 500-ə qədər iştirakçının qatıldığı 38-ci beynəlxalq konfransının rəsmi açılış mərasimində elan olunub.

Azərbaycan Konqreslər Bürosunun dəstəyi ilə baş tutan bu tədbir nəinki ölkənin enerji sahəsini inkişaf etdirmək, həmçinin paralel olaraq turizm və beynəlxalq təbliğ kimi digər bir çox sahələrə dəstək olmaq baxımından çox əhəmiyyətlidir.

Büro fəaliyyətə başladığı 2013-cü ildən bəri Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi və Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi tanınması üçün çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə