Rasim Balayev: “Kamera qarşısına keçib obraz yaratmaq üçün çox darıxmışam” MÜSAHİBƏ

Rasim Balayev: “Kamera qarşısına keçib obraz yaratmaq üçün çox darıxmışam” MÜSAHİBƏ

Xalq artisti Rasim Balayevin SİA-ya verdiyi müsahibəni təqdim edirik:

-Uzun zamandır sizi filmlərdə görmürük. Bunun səbəbi nədir? Təkliflər olmur?

-Filmlərdə rol almaq üçün müraciət edirlər. Amma təklif olunan filmlərin ssenarisi məni qane etmir. İnanın ki, kamera qarşısına keçib obraz yaratmaq üçün çox darıxmışam. Amma gərək bu, keyfiyyətli iş olsun. Mən ömrümün 40 ilini Azərbaycan kinosuna həsr etmiş aktyoram. Tarixi filmlərdə irihəcmli qəhrəman obrazları yaratmışam. Elə böyük, xarakterik obrazlardan sonra indi təklif olunan istənilən rolu canlandırmağı qəbul edə bilmərəm. Yaradıcılığıma hörmət etməliyəm. Xarakterik, yüksək çəkili obraz yaratmaq təklifi gəlsə, böyük məmnuniyyətlə razı olaram. Amma təəssüf ki, bu gün ibrətamiz, humanist mesaj verən ssenarilər yazılmır.

-Öz istəklərinizi, tələblərinizi gerçəkləşdirə bilmək üçün ssenari yazmağı və ya rejissor kürsüsündə oturmağı heç vaxt düşünməmisiniz?

-Xeyir. Bunu heç vaxt düşünməmişəm. Heç cəhd edib, özümü də sınamamışam. Mənim sənətim aktyorluqdur. Peşəkar aktyor kimi bu sənətin dərinliyini, xırdalıqlarını bilirəm. Lakin kino sektorunun daxilində yer almaq digər peşə sahiblərinin də işini bilmək anlamına gəlmir. Hesab edirəm ki, hər kəs öz sənətini icra etməlidir. Yalnız belə olan halda, ərsəyə uğurlu, yüksək səviyyəli ekran əsərləri gələ bilər.

-Sizi qane edən təklif olunduğu halda, dəyərləndirməyi düşünürsünüzmü?

Hazırda bir film layihəsi ilə bağlı müzakirələr aparılır. Lakin hələki dəqiqləşməyib. Bilirsiniz, film çəkilişi elə prosesdir ki, son məqama kimi hər şey dəyişə bilir, stabil gedişata əməl olunmur. Ona görə də, heç nəyi konkret demək mümkün deyil. Yaxın zamanda bununla bağlı dəqiq məlumat veriləcək. Yalnız onu deyə bilərəm ki, bu dövlət xətti ilə çəkilən ekran əsəri deyil, özəl layihədir.

-Əvvəllər sizi televiziya kanallarında yayımlanan çoxseriyalı bədii filmlərdə görmək mümkün idi. Lakin son vaxtlar nədənsə heç bir serialda rol almırsınız. Təkliflər yoxdur yoxsa siz qəbul etmirsiniz?

-Seriallarda çəkilməyim üçün müraciət edirlər, lakin mən istəmirəm. Çünki təklif olunan layihələrin nə ssenarisi, nə də rejissor işi məni qane etmir. Ümumiyyətlə, Azərbaycanda lentə alınan seriallar kinonun tələblərindən kənardır.

-Sizcə, Azərbaycanda serial sektorunun inkişafı üçün nəyə ehtiyac var?

-Bilirsiniz, bunun üçün konkret bir səbəb gətirmək olmur. Yaxşı layihə ərsəyə gətirmək üçün öncə keyfiyyətli əsər üzərində yazılmış ssenariyə ehtiyac var. Çünki hər bir filmin təməlində ideya dayanır. Daha sonra güclü rejissor işi, peşəkar aktyor oyunu ideyanın həyata keçirilməsinə xidmət edir. Lakin kinematoqrafiyanın bu kimi təməl prinsipləri seriallara tədbiq olunmur. 30-a yaxın bölümü çəkilir, ictimai baxışa təqdim edilir. Amma bütün bölümlər sadəcə söhbət xarakterli süjetlərdən ibarətdir. Bu, tamaşaçıya maraqlı deyil.

-Bir müddət bundan öncə səhhətinizlə bağlı ciddi problemlər yaşayırdınız. Hətta Türkiyədə də müalicə aldığınız məlumdur. İndi necəsiniz?

-Hal-hazırda yaxşıyam. Amma şəkərli diabet, təzyiq öz işini görür. Dərman qəbul etməklə tənzimləyirəm. Fəsil dəyişkənliyi də səhhətimə təsir edir. İndi vəziyyətim stabildir. Çox şükür, yaşayıram hələki.

Bütün xəbərlər Facebook səhifəmizdə