Türkiyənin İstanbul Aydın Universitetinin prezidenti professor Mustafa Aydın Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olub. Universitetin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə ATMU-nun Tədris işləri üzrə prorektoru Eldar Aslanov universitetin yaranma tarixindən və beynəlxalq əlaqələrindən, həmçinin, gələn il xüsusi mərasimlə həm Bakıda, həm də Krems şəhərində 10 illiyi qeyd ediləcək "Turizm və asudə vaxt menecmenti" adlı Azərbaycan-Avstriya Turizm Təhsili proqramının (AATP) əsas hədəfi sayılan ikili diplom layihəsinin uğurlu nəticələrindən danışıb.
O, Mevlanə Mübadilə və Avropa Birliyinin Erasmus+, o cümlədən Tempus proqramları çərçivəsində gerçəkləşən tələbə-müəllim mübadiləsinin universitetin timsalında səmərəli olduğunu diqqətə çatdırıb, ATMU-nun inkişaf strategiyası, ali təhsil müəssisəsinin nəzdindəki Bakı Turizm Peşə Məktəbində tədrisin təşkili barədə məlumat verib.
Türkiyənin İstanbul Aydın Universitetinin qurucusu və prezidenti Mustafa Aydın öz təhsil ocaqlarında ali təhsil alan gənclərdən 326 nəfərin, müəllim-inzibati heyətdə çalışanlardan isə 20 nəfərin Azərbaycandan olduğunu deyib. Rəhbərlik etdiyi universitetdə "Qida mühəndisliyi" ixtisası üzrə tədrisin müasir texnoloji avadanlıqlarla təchiz olunan laboratoriyada keçirilməsi və qastronomiya üzrə bakalavr proqramın təcrübə sahəsi haqqında məlumat verib.
Professor ATMU ilə təhsil-təcrübənin qeyd edilən ixtisaslar üzrə aparılmasına maraqlı olduqlarını xüsusi ilə vurğulayıb.
Görüşdə ali təhsil müəssisəsinin "Keyfiyyət təminatı"şöbəsinin müdiri Nərminə Abdullayeva, "Tədqiqat və inkişaf" şöbəsinin müdiri Şəlalə Məmmədova, "Beynəlxalq əlaqələr"şöbəsinin baş mütəxəssisi Humay Cəfərli və digər əməkdaşlar iştirak ediblər.
Tərəflər qeyd olunan istiqamətlər üzrə ikili əməkdaşlığın dərinləşdirilməsində birgə razılığa gəliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB