“Heydər Əliyev və ozan-aşıq mədəniyyəti” adlı tədbir keçirilib FOTOLAR

“Heydər Əliyev və ozan-aşıq mədəniyyəti” adlı tədbir keçirilib FOTOLAR

Muzey Mərkəzində "Heydər Əliyev və ozan-aşıq mədəniyyəti" mövzusunda elmi-mədəni tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, aşıq sənəti ustaları, hökumət və media nümayəndələri iştirak edib.

Mərasimin açılışını edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ümummilli Lider Heydər Əliyevin mədəniyyətə bağlı şəxsiyyət olduğunu vurğulayıb: "Ulu Öndər siyasi fəaliyyətində hər zaman folklor sənətinə, milli-mənəvi dəyərlərə önəm verib. Ümummilli Liderin səyi nəticəsində 2000-ci ildə Dədə Qorqudun 1300 illik yubileyi qeyd olundu. Bununla, Azərbaycan xalqı öz milli mənsubiyyətini dünyada təsdiqləməyə müvəffəq oldu. Heydər Əliyev hakimiyyətə gələndən sonra bir çox milli-mənəvi sərvətimiz YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi. Bu gün həmin ənənəni Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı ölkə başçısı cənab İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva davam etdirir. Aşıq sənətinin YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi ilə folklor sənətimizin dünyada təbliğinə nail olundu. Ümumiyyətlə, zəngin mədəni irsə sahib olan Azərbaycan xalqı əsla qonşu xalqların mədəniyyətinə meyl etməyib. Bütün bu göstəricilər Heydər Əliyev siyasətinin nəticəsidir".

Tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, əməkdar elm xadimi Məhərrəm Qasımlı "Heydər Əliyev və ozan-aşıq mədəniyyəti" mövzusunda çıxış edib. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Vətənə, millətə olan sevgisi ilə şəxsiyyətlik zirvəsinə yüksəlməyə nail olub: "Azərbaycan aşıq sənətinin hər bir nümayəndəsi Heydər Əliyev adını qürurla səsləndirərək, dahi liderin getdiyi şərəfli yolun davamçıları olmaqla fəxr edir. Böyük şəxsiyyət olmadan, böyük millət olmaq mümkün deyil. Həqiqətən də, Heydər Əliyev keçmişi Dədə Qorquda, Koroğluya söykənən bir xalqın mirasını layiqincə qoruyub saxlamağı bacarıb".

Tədbirin bədii hissəsində isə əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi "Çeşmə" folklor qrupu ("Ana yurdum"), Əli Tapdıqoğlu ("Heydər baba"), Solmaz Kosayeva ("Ata Heydərim"), Haşım Qubalı ("Xilaskarımız Heydər baba"), Gözəl Kəlbəcərli ("Ulu Heydərimiz") və "Misri" qrupunun (Ü.Hacıbəylinin "Koroğlu" opearasından "Üvertüra") ifaları səslənib.

Bütün xəbərlər Facebook səhifəmizdə