Azərbaycan Dövlət Rəsm Qalereyası və Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə AMEA-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş "Heydər Əliyev və Azərbaycan incəsənəti" mövzusunda respublika elmi konfransı keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tədbir iştirakçıları əvvəlcə I Fəxri xiyabanda ümumilli liderin məzarını ziyarət ediblər.
Konfransın açılışında çıxış edən AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli bildirib ki, mədəniyyət və incəsənət sahəsində çalışan hər kəsə məlumdur ki, Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoyub: "Onun sayəsində mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanınıb. İncəsənətin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltəraşlıq və rəssamlığımız da, xalça sənətimiz də bugünkü inkişafında ulu öndərin çox dəyərli ideyalarından bəhrələnib. Ulu öndər çıxışları zamanı söyləyirdi: "Milli dövlətçilik dəyərlərinin əsasını sağlam düşüncəli mədəniyyət təşkil edir. Sabahkı uğurlara yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır".
İsa Həbibbəyli onu da vurğulayıb ki, hələ sovetlər dönəmində Heydər Əliyev Azərbaycanda mədəniyyətin maddi-texniki bazasının möhkəmlənməsinə xüsusi diqqət yetirirdi. Həmin illərdə kinoteatrlar, teatr binaları, muzeylər inşa olunur, kadr potensialı gücləndirilirdi. Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edir, mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün şərait yaradırdı.
Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı, akademik Ömər Eldarov ulu öndərlə bağlı xatirələrini bölüşüb. Bildirib ki, Heydər Əliyevin xüsusi rəssamlıq təhsili alması və gələcəkdə rəssam olmaq istəyi sonralar onun fəaliyyətində yüksək yaradıcılıq əzmini, qurub-yaratmaq şövqünü həmişə qüvvətləndirirdi. Azərbaycanın tanınmış sənət adamlarına göstərdiyi diqqət və qayğı, yaradıcı şəxslərlə yaxın dostluq əlaqələri Heydər Əliyevə böyük sənət adamları arasında dərin hörmət və nüfuz qazandırıb. Sənətkarlarla şəxsən görüşərək onların yaradıcılıqları ilə yaxından maraqlanan, ünsiyyət yaradan ümummilli lider bu addımı ilə milli mədəniyyətimizin daha da inkişaf etməsi üçün stimul yaradırdı.
"Tahir Salahovun rəngkarlıq irsində Heydər Əliyev obrazı" mövzusunda məruzə ilə çıxış edən Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov bildirib ki, ulu öndərin portretini yaratmış rəssamlar içərisində xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovun xüsusi yeri var. Sənətkarın ulu öndər təsvir olunan, yağlı boya ilə işlənmiş iki portret əsəri daha məşhurdur. Hər iki əsər rəssamın yaradıcılığına xas olan canlı, emosional üslub tərzinə, yüksək peşəkarlığa, zəngin, kontrastlı kolorit həllinə malikdir.
AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Ərtəgin Salamzadə, Dövlət Rəssamlıq Akademiyasının prorektoru, xalq rəssamı Fuad Salayev, əməkdar incəsənət xadimi Kübra Əliyeva, əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Memarlıq və İncəsənət İnstitutunun direktor müavini Xəzər Zeynalov, Dövlət Rəssamlıq Akademiyasının dissertantı Səkinə Zeynalova, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Samir Sadıqov, Dövlət Rəsm Qalereyasının şöbə müdiri Nərgiz Əsgərova mövzuya dair məruzələrlə çıxış ediblər.
Qeyd olunub ki, ulu öndər Heydər Əliyev yaşadığı dövrün siyasi durumundan asılı olmayaraq, Azərbaycan incəsənətinin, bütövlükdə mədəniyyətimizin rifahı naminə səmərəli işlər həyata keçirib. Dahi siyasətçi Azərbaycan mədəniyyətinin inkişafına töhfə verən sənətkarların həmişə qayğısına qalıb. Təsadüfi deyil ki, respublikamızın ayrı-ayrı yerlərində Azərbaycanın dahi şəxsiyyətlərinin heykəllərinin qoyulması da məhz Heydər Əliyevin rəhbərliyi dövrünə aiddir.
Konfransın sonunda məruzələrdən ibarət elmi toplu iştirakçılara təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB