U.Şekspirin xatirəsi yad edilib FOTOLAR

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Qərb Universiteti ilə birlikdə dahi ingilis şairi və dramaturqu U. Şekspirin vəfatının 400 illiyinə həsr olunmuş tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova "Şekspirin azad düşüncəsi" mövzusunda çıxış edib.

Daha sonra Britaniya Şurasının direktoru Elizabet Vayt çıxış edərək, layihəni gerçəkləşdirən muzey əməkdaşlarına təşəkkürünü bildirib.

Tədbir Qərb Universitetinin və Azərbaycan Dillər Universitetinin tələbələrinin Şekspirin sonet, poema və dram əsərlərindən səsləndirdiyi ifalarla davam edib.

Tədbirdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti Maqda İbrahimova (fleyta), L.və M.Rostropoviçlər adına 21 saylı musiqi məktəbinin 10-cu sinif şagirdi Teymur Əliyev (skripka), BMA-nın professoru Leyla Məmmədəliyevanın ifalarında Qara Qarayevin, Sergey Prokofyevin və başqa bəstəkarların Şekspirin pyeslərinə yazılmış musiqi əsərləri ifa edilib, videofraqmentlər nümayiş olunub.

Mərasimdə arxiv materialları əsasında hazırlanmış Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin "Şekspir əsərləri musiqidə" və Azərbaycan Dövlət Teatr Muzeyinin "Şekspir Azərbaycan səhnəsində" mövzusunda video-çarx təqdim edilib.

Qeyd edək ki, tədbirdə musiqi ictimaiyyəti, Qərb Universitetinin, Azərbaycan Dillər Universitetinin, Bakı Musiqi Akademiyasının müəllim və tələbələri, Bakı muzeylərinin əməkdaşları, KİV-nin nümayəndələri və başqaları iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə