Ümummilli liderə həsr olunmuş şer müsabiqəsi keçirilib

Ümummilli liderə həsr olunmuş şer müsabiqəsi keçirilib

Nizami rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Rayon İcra Hakimiyyətinin, YAP Nizami rayon təşkilatının, Gənclər və İdman İdarəsinin, Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə şeir müsabiqəsi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdən öncə, torpaq uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra rayonun 30-a yaxın təhsil ocağının təmsilçilərinin iştirak etdiyi müsabiqədə ümummilli lider Heydər Əliyevə həsr edilən şeirlər səsləndirilib. Rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin peşəkar müəllimlərindən ibarət münsiflər heyətinin qiymətləndirmələrindən sonra mükafatlandırma mərasimi baş tutub.

Mərasimdə çıxış edən YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov və başqaları ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, çoxşaxəli ictimai-siyasi fəaliyyətindən danışıblar. Qeyd edilib ki, bütün mənalı həyatını xalqına həsr edən Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti ölkə tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, ulu öndər Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.

Qeyd edək ki, çıxışlardan sonra birinci yerin qalibi olmuş 251 saylı orta məktəbin şagirdi Cəmilə Muradovaya, ikinci yeri tutmuş 238 və 12 saylı orta məktəblərin təmsilçiləri Nərmin İsmayılovaya, Zeynəb Əhmədovaya, üçüncü nəticə ilə kifayətlənmiş 229, 61 və 328 saylı orta məktəblərin şagirdləri Aytac Nehmətovaya, Gülnar Əsədullayevaya və Səbinə İsmayılovaya, eləcə də həvəsləndirici yerə layiq görülmüş 220, 214, 10 saylı məktəblərin və Zəngi liseyinin təmsilçilərinə medallar, diplomlar və xatirə hədiyyələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə