Ölkəmiz Pekində turizm sərgisində təmsil olunur FOTOLAR

Çinin paytaxtı Pekində "Xaricə səyahətlər və turizm sərgisi-COTTM-2016" işə başlayıb. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, dünyanın 70 ölkəsinin iştirak etdiyi sərgidə Azərbaycan da təmsil olunur.

Çinin xarici turist potensialını nəzərə alan Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ölkəmizin sərgidə növbəti dəfə təmsil olunmasına qərar verib. Nazirliklə yanaşı, bir neçə turizm şirkəti və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti milli pavilyonda ölkəmizin turizm imkanlarının təbliğini təşkil edib. Sərgidə Azərbaycanın turizm potensialına, tarixi və mədəni abidələrinə, milli mətbəxinə, habelə turizm üçün vacib olan digər məsələlərə dair ingilis və çin dillərində reklam-çap məhsulları nümayiş olunur.

Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Mahir Qəhrəmanov bildirib ki, Çinin turist bazarı Azərbaycan üçün cəlbedicidir. Bu cür sərgilərdə iştirak etməklə daha çox Çin turistlərini Azərbaycana cəlb etməyi düşünürük. Azərbaycan hökumətinin Çin vətəndaşları üçün viza rejimini sadələşdirməsi də bu ölkədən olan turistlərin Azərbaycana səfər imkanlarını yaxşılaşdırmaq məqsədi daşıyır. Bura turistlər üçün həm elektron viza, həm də cari ilin fevralın 1-dən tətbiqinə başlanılan Azərbaycanın bütün beynəlxalq statuslu hava limanlarında turist vizalarının rəsmiləşdirilməsi daxildir.

Qeyd edək ki, bu il 12-ci dəfə təşkil olunan "Xaricə səyahətlər və turizm" sərgisinə ümumilikdə, 400-dək turizm, aviasiya və nəqliyyat şirkətləri, mehmanxana şəbəkələri cəlb olunub. Sərginin məqsədi xaricə səfər edən çin turistləri üçün müvafiq xidmətlərin göstərilməsi ilə bağlı işgüzar əlaqələrin yaradılmasıdır. Dünya Turizm Təşkilatının məlumatına əsasən, son 4 ildə xarici ölkələrə turist kimi ən çox səfər edənlərin sayına görə, çinlilər birinci yerdədir. Ötən il 120 milyondan çox çinli xaricə turist kimi səfər edib.

Bütün xəbərlər Facebook səhifəmizdə