Azərbaycan turizmi Özbəkistan mətbuatında

Özbəkistandakı Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Özbəkistanın nüfuzlu "kultura.uz" saytında Azərbaycanın turizm imkanları və son zamanlar turistlərin ölkəmizə axını barədə "Азербайджан возглавляет рейтинг самых перспективных туристических направлений в СНГ" adlı məqalə verilib. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, məqalədə qeyd edilir ki, turizm xidmətləri üzrə "Travel.ru" firması MDB ölkələrində turizm istiqamətləri və 2016-ci ildə ən perspektivli olan ölkələrin reytinq siyahısını müəyyənləşdirib.

Azərbaycan turizm və istirahət məqsədləri üzrə ruslar arasında MDB ölkələrinin lideridir. 2015-ci ildə Azərbaycana 2 milyondan çox turist gəlib, onların 685 mini Rusiya vətəndaşları olub.

Müəllif məqalədə Azərbaycanın ən məşhur turizm şəhərləri barədə ətraflı məlumat verib. Paytaxt Bakı, ölkənin ən məşhur qış turizm mərkəzi Şahdağ, habelə, Gəncə, Şamaxı, Qəbələ və Naftalan, eləcə də Göygöl və Xəzər dənizinin sahillərində Xaçmaz-Nabran, Lənkəran çimərlikləri və buradakı istirahət geniş işıqlandırılıb.

Müəllif həmçinin, Bakıda 17-19 iyun tarixlərində Avropa Qran-prisi "Formula-1" oyunun keçiriləcəyini yazıb və bu tədbirin turistlər üçün cəlbedici ola biləcəyini vurğulayıb.

Həmçinin, 2016-ci il fevral ayında Rusiya Federasiyasının Moskva şəhərində Azərbaycanın Turizm nümayəndəliyinin açılması məqalədə öz əksini tapıb.

Məqalədən sitat: Azərbaycanda turizm son illərdə sürətlə inkişaf edir, ölkədə turizm biznesi iqtisadiyyatın cəlbedici sahəsinə çevrilir.

Avropa və Asiyanın qovşağında yerləşən "Odlar Yurdu" elə də böyük ərazini əhatə etmir, lakin burada 9 iqlim qurşağı yerləşir.

Ölkənin paytaxtı Bakı şəhəri, xüsusi ilə turistlər üçün maraqlı olan İçərişəhər barədə məqalədə məlumat verilib. Qeyd olunub ki, İçərişəhərdə həm Bakının memarlığı ilə tanış olmaq, həm də qeyri-adi Azərbaycan milli suvenirləri almaq mümkündür.

Qeyd edək ki, məqalədə həmçinin, tarixi Qobustan - qədim insan yaşayış məskəni, öz qədim abidələri və müalicəvi Duzdağ sanatoriyaları ilə öyünən Naxçıvan, füsunkar təbiət mənzərələri ilə insanı valeh edən Göygöl, Qəbələ, isti və qumlu çimərlikləri ilə turistlərin rəğbətini qazanan Nabran, müalicə turizminin inkişaf etdiyi Naftalan barədə də geniş məlumat verilir. Buradakı turistlər üçün maraqlı yerlər, istirahət mərkəzləri, otellər, habelə, təklif olunan xidmətlər haqqında informasiyalar yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə