Teatr ictimaiyyətinə ağır itki üz verib

Azərbaycan teatr ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, teatrın istedadlı butaforçu rəssamı, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Triandafelidze Konstantin Xristoforoviç uzun sürən xəstəlikdən sonra vəfat edib.

K. Triandafelidze 1927-ci ildə Bakıda doğulub. Uşaqlıqdan incəsənətə maraq göstərib, rəsm çəkməyə meyli onu dərnəyə yazılmağa sövq edib. 1941-ci ildə "Nizami" kinoteatrında rəssam şagirdi kimi işə qəbul olunub, 1942-ci ildə "Vano Sturua" zavoduna istehsalat ustasının köməkçisi vəzifəsinə göndərilib.

Əmək fəaliyyəti ilə yanaşı, rəssamlıq məktəbində də təhsilini davam etdirən K. Triandafelidze 1951-ci ildə məktəbi bitirib. Rus Dram Teatrında rəssam kimi fəaliyyət göstərən müəllimləri gənc Konstantinin istedadını nəzərə alıb onu teatrda butafor sənətinə gətirirlər. 1951-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru Adil İsgəndərov onun əl işlərini bəyənərək teatra dəvət edib. O, 1951-1974-cü illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında butafor sexinin rəisi vəzifəsində çalışıb.

1982-ci ildə xalq təsərrüfatı nailiyyətləri sərgisində təbiət qoynunda guşənin tərtibinə görə, Azərbaycan SSR Mədəniyət Nazirliyinin təşəkkürnaməsi ilə təltif edilib.

1991-ci ildə yaradıcılıq uğurlarına və səmərəli fəaliyyətinə görə, "Əməkdar Mədəniyyət İşçisi" fəxri adına layiq görülüb.

Teatrdakı fəaliyyəti ilə yanaşı, şəxsi emalatxanasında yaradıcılıqla məşğul olan sənətkarın rəsm əsərləri və hazırladığı maketlər nəinki respublikamızda, həmçinin, şəhərimizin qonaqlarının da diqqətini cəlb edərək, yaratdığı sənət nümunələri Amerika, Almaniya, Kambocadan gələnlərin böyük marağına səbəb olub.

Qeyd edək ki, K. Triandafelidze 1974-cü ildən vəfat edənə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında butaforçu rəssam vəzifəsində çalışaraq həmin sexə rəhbərlik edib.

Bayramova Kubra

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...