Əməkdar artist çətin vəziyyətdədir AÇIQLAMA

Əməkdar artist çətin vəziyyətdədir AÇIQLAMA

Akademik Milli Dram Teatrının sabiq direktoru İsrafil İsrafilov tərəfindən işdən qovulan əməkdar artist Telman Əliyev teatra geri dönmək istəyi ilə, mədəniyyət və turizm naziri cənab Əbülfəz Qarayevin qəbuluna yazılıb. Bununla bağlı SİA-ya açıqlama verən aktyor bir aydır ki, müraciətinə cavab verilmədiyini bildirib: "Nazirin qəbuluna düşmədən öncə teatrın müdriyyətinə ərizə ilə müraciət etdim. Lakin mənə maliyyə sıxıntıları ilə əlaqədar olaraq, yeni müqavilə imzalaya bilməyəcəklərini, yalnız problem həll olunandan sonra müsbət cavab verəcəklərini söylədilər. Bir müddət sonra isə başqa aktyorlarla müqavilə imzalandığını öyrəndim. Buna görə də, artıq məsələnin aidiyyatı orqan tərəfindən həll olunmasına qərar verdim. Əgər bu yolla da işimə geri dönə bilməsəm, o zaman cənab Prezidentə müraciət etməli olacam".

Aktyor həmçinin, Akademik Milli Dram Teatrının yeni direktoru Azər Paşa Nemətovun mövqeyinin səbəblərini açıqlayıb: "Azər Paşa Nemətovun işə geri dönməyimi istəməməsinin səbəbini bilmirəm. Amma maliyyə problemi olan müəssisə birdən-birə üç nəfəri işə götürürsə, demək ki, başqasının tapşırığını yerinə yetirir".

Qeyd edək ki, əməkdar artist Telman Əliyev təxminən, iki il bundan öncə teatrın sabiq direktoru İsrafil İsrafilovun etdiyi özbaşınalıqlarına qarşı bildirdiyi tənqidi fikirlərinə cavab olaraq, işdən azad olunub. Səbəb kimi aktyorla imzalanan müqavilənin müddətinin bitməsi göstərilib.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə