"Bölgələrdən paytaxta” layihəsinin Şuşaya həsr olunan təqdimatı keçirilib FOTOLAR
Bu gün Beynəlxalq Muğam Mərkəzində Şuşa Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Bakı sakinlərini Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı, mədəni irsi, adət-ənənələri, turizm imkanları ilə tanış edən "Bölgələrdən paytaxta" layihəsinin Şuşaya həsr olunan təqdimatı keçirilib. SİA-nın verdiyi xəbərə görə, qonaqlar öncə Mərkəzin foyesində Şuşa rayonunun tarixi-mədəni irsini, sosial-iqtisadi nailiyyətlərini, təbiətini əks etdirən sərgi, həmçinin, rayonda istehsal olunan ərzaq və kənd təsərrüfatı məhsulları, dekorativ-tətbiqi sənət ustalarının əl işləri, yerli mətbəx nümunələri, Şuşa haqqında nəşrlər, rəqs və musiqi çıxışları ilə tanış olublar.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu təqdimatın digərlərindən fərqli olduğunu vurğulayıb: "Bu günki təqdimat digər tədbirlərdən fərqli olaraq, ürəyimizdə yara olan və hələ də sağalmayan Şuşaya həsr olunub. Doğma yurdumuz düşmən tapdağı altında olsa da, bu günki mənzərə bir daha sübut edir ki, Şuşa yaşayır və yaşayacaq. Şuşa Azərbaycanın qədim mədəni mərkəzi olub. Bu zəngin, qədim tarixə malik olan torpaq tarixi mütəfəkkirlər, sənətkarlar, ictimai xadimlər yetişdirib. Bu təqdimatlar bu gün Azərbaycan mədəniyyətinin nə qədər zəngin olduğunu bütün dünyaya təqdim edir. Ümid edirəm ki, biz Şuşanın da adını UNESCO-nun mədəni irs siyahısında yazmağa nail olacağıq. Bu məqsədə çatmaq üçün cənab prezidentimiz İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun direktoru Mehriban Əliyeva mütərəqqi addımlar atır. İnanıram ki, Azərbaycan xalqı yaşadıqca, Şuşa mədəniyyəti daim yaşayacaq və təbliğ olunacaq".
Şuşa rayon icra hakimiyyətinin başçısı Bayram Səfərov isə çıxışında təqdimatın əhəmiyyətindən danışıb: "Şuşa daim mədəniyyətin beşiyi olub. Ölkə başçımız cənab İlham Əliyev öz siyasi fəaliyyətində daim zəngin keçmişə malik olan yurdumuzdan didərgin düşən qaçqın və məcburi köçkünlərə diqqətini əsirgəməyib. Əminəm ki, bundan sonra da Şuşa mədəniyyətinin yüksək səviyyədə inkişafı yolunda mühüm işlər görüləcək".
Sonra Şuşanın tarixi və mədəniyyətinə həsr olunan film nümayiş olunub.
Qeyd edək ki, tədbirdə Şuşa rayon bədii kollektivlərinin, "Təbəssüm" uşaq rəqs qrupunun və incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunub.


Kubra Bayramova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB