“Ana dili xalqın varlığını təsdiq edən başlıca amildir” FOTOLAR

“Ana dili xalqın varlığını təsdiq edən başlıca amildir” FOTOLAR

Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında uşaq şöbəsinin təşkilatçılığı ilə 138 saylı tam orta məktəbdə "Ana dili xalqın varlığını təsdiq edən başlıca amildir" adlı musiqili ədəbi-bədii tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirin bədii hissəsində çıxış edən şagirdlər Zəlimxan Yaqubun, Bəxtiyar Vahabzadənin, Sabir Rüstəmxanlının, Tofiq Bayramın və digər şairlərin şeirlərindən parçalar söyləyiblər.

Tədbir gənc ifaçıların hazırladığı konsert proqramı ilə davam etdirilib.

Tədbirdə Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının kollektivi, 95, 171, 116 və 138 saylı tam orta məktəblərin şagird və müəllim kollektivi, Azərbaycan Yazıçılar Birliyinin üzvləri şair Qəzənfər Məsimoğlu, "Qızıl qələm" mükafatı laureatı yazıçı Əzizə Ağahüseyinqızı iştirak ediblər.

Çıxış edən Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının direktoru Oruc Quliyev Beynəlxalq Ana Dili günü münasibətilə qonaqları təbrik edib və bu günün qeyd edilməsinin məqsədini doğma ana dilimizin gözəlliklərinin, ahəngliyinin, rəngarəngliyininn gələcək nəsillərə sevdirmək və tərənnüm etməkdə gördüyünü bildirib.

Həmçinin qonaqlara, 21 fevral - Beynəlxalq Ana dili günü ilə bağlı "Ana dili xalqın varlığını təsdiq edən başlıca amildir" adlı şəkillərdən ibarət slaydlar nümayiş olunub.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin üzvləri çıxışlarında Azərbaycan dilinin əsrlər boyu inkişaf edərək zamanlardan süzülə-süzülə gəlib, kamil bir dil olmasından, öz gözəlliyi və şirinliyi ilə dünya dillərinə meydan oxumasından, dilimizin dünyanın ən musiqili dili adını daşımasından söz açıblar.

Qeyd edək ki, sonda Beynəlxalq Ana Dili ilə bağlı tədbirdə iştirak edən qonaqlar xatirə şəkli çəkdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə