İvetta Qriqoryevna Plyamın xatirə gecəsi keçirilib

İvetta Qriqoryevna Plyamın xatirə gecəsi keçirilib

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Georgi Georgiyeviç Şaroyev adına 35 №-li musiqi məktəbi ilə birlikdə pianoçu, pedaqoq, Bakı Musiqi Akademiyasının professoru İvetta Qriqoryevna Plyamın xatirə gününə həsr olunmuş görüş keçirib. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb.

Sonra G.G.Şaroyev adına 35 saylı 11 illik Uşaq Musiqi Məktəbinin direktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Yusif Vəliyev çıxış edib.

Tədbirdə məktəbin müəllimi, musiqişünas Nüşabə Quliyeva İvetta Qriqoriyevna Plyamın Azərbaycan musiqi mədəniyyəti sahəsində xidmətləri, yaradıcılıq yolu, pedoqoji fəaliyyəti haqqında söhbət açıb. Mövzu ilə bağlı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materialları nümayiş olunub.

Tədbirdə İ.Q.Plyamın tələbələrindən olmuş bəstəkar Elnarə Dadaşova, Ü.Hacıbəyli ad. Bakı Musiqi Akademiyasının dosenti, Azərbaycan Respublikasının əməkdar müəllimi Nəzakət Ramazi, İvetta Plyamın qohumu Gennadi Geldman çıxış etmiş, "Bakinski raboçi" qəzetinin jurnalisti Firəngiz Xancanbəyova İ.Plyamın arxivindən bəzi materiallarını muzeyə hədiyyə edib.

Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikasının əməkdar müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzakət Ramazi, BMA-nın dosenti, Azərbaycan Respublikasının əməkdar müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elnarə Kibirlinskaya (f-no dueti), BMA-nın II kurs tələbələri, beynəlxalq büsabiqələr laureatı Cavid Əzizov, Vüsal Aydəmirov (f-no dueti), G.G.Şaroyev adına 35 saylı 11 illik Uşaq Musiqi Məktəbinin şagirdlərinin Gülnaz Eldarlı, Səbinə Eldarlı, Məryəm Vəliyeva, beynəlxalq müsabiqələr laureatı Nəriman Əmiraslanov (f-no), beynəlxalq müsabiqələr laureatı Həşim Həşimov(f-no), Maqsud Musazadənin (f-no) ifalarında rəngarəng konsert proqramı səslənib.

Qeyd edək ki, tədbirin qonaqları musiqi ictimaiyyəti, Bakı Musiqi Akademiyasının, Bakı şəhəri uşaq musiqi məktəblərinin müəllim və tələbələri, Bakı muzeylərinin əməkdaşları, KİV nümayəndələri və başqaları olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə