Ötən il Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və "Hədəf" Nəşrlər Evinin birgə təşkilatçılığı ilə "Anamın kitabı" adlı gənc yazarların pyes müsabiqəsində 100-dən artıq pyes oxunub və həmin əsərlərdən yalnız 10-u münsiflər heyətinin müzakirəsinə verilib. Teatrın mətbuat xidmətindən SİA-ya bildirilib ki, münsiflərin yekdil rəyinə əsasən "Anamın kitabı" ədəbi müsabiqəsində I yerin qalibi ən yüksək bal toplamış gənc yazar Sevinc Elsevərin qələmə aldığı "Ürəyində arzu tut" pyesi olub. "Müsabiqənin birinci yerini qazanan əsər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnələşdiriləcək". Bu fikirləri münsiflər heyətinin üzvü, Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar Artisti Mübariz Həmidov mükafatlandırma mərasimindəki çıxışında söyləyib.
Qeyd olunduğu kimi teatr öz vədinə sadiq qalaraq "Ürəyində arzu tut" əsəri əsasında "Arzu və Murad" tamaşası üzərində yaradıcılıq işinə start verib. Tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri, teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdur.
Yeni səhnə əsərində əsas obrazları Əməkdar Artist Gülər Nəbiyeva, aktyorlar Roza İbadova, Səbinə Məmmədova, Güşvər Şərifova, Nuriyə Əliyeva və başqaları ifa edəcəklər.
Əsərin əsas ideyasını Xocalı faciəsi baş verən zaman əsir düşmüş gənc qızın acı taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, psixoloji və mənəvi durumu təşkil edir.
Tamaşanın premyerasının dekabrın birinci yarısında nümayişi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB