“Signature Travel & Style” jurnalı Azərbaycandan bəhs etdi

“Signature Travel & Style” jurnalı Azərbaycandan bəhs etdi

Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı Səfirliyinin təşəbbüsü ilə Avstraliyanın turizm sahəsində aparıcı jurnallarından olan "Signature Travel & Style"ın mart buraxılışında ölkəmizin turizm imkanları haqqında məqalə dərc olunub. Məqalədə ilk öncə Heydər Əliyev Mərkəzindən bəhs olunur və bu müasir tikili Sidneydə yerləşən Opera Evi ilə müqayisə edilir.

Müasir tikililərdən Dubay stilində inşa edilən Flame Towerslə yanaşı, İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı kimi qədim memarlıq nümunələri haqda da məlumat verilir. Paytaxt Bakı şəhərinin Şərqi Avropa və Qərbi Asiyanın kəsişməsində yerləşdiyi qeyd edilən məqalədə şəhər "Şərqin Parisi" adlandırılır. Azərbaycanın tarixi tolerant ölkə olmasını vurğulayan müəllif, burada 90% əhalinin müsəlman olduğunu da qeyd edir.

Bununla yanaşı, məqalədə avstraliyalı turistlərə Milli Xalça Muzeyi, Heydər Əliyev adına Mədəniyyət Mərkəzi, Miniatür Kitablar Muzeyini ziyarət etmək və Xəzər dənizinə getmək məsləhət görülür.

Azərbaycan milli mətbəxinin ləziz təamları olan aş, düşbərə, dolma kimi yeməkləri dadmaq xüsusilə qeyd olunur.

Məqalədə həmçinin ölkəmizdə keçirilən I Avropa Oyunlarından da bəhs edilir.

Sonda müəllif 3 gün ərzində tarixi gözəlliklər, möhtəşəm memarlıq, ləziz yeməklərlə və müasir insanlarla dolu olan bir şəhər kəşf etdiyini bildirir.

Bütün xəbərlər Facebook səhifəmizdə