Azərbaycan Xalça Muzeyi qonaqlarda böyük maraq doğurub

Azərbaycan Xalça Muzeyi qonaqlarda böyük maraq doğurub

AZƏRTAC-ın dəvəti ilə Bakıda səfərdə olan Böyük Britaniyanın Press Association xəbər agentliyinin baş icraçı direktoru, Avropa Xəbər Agentlikləri Alyansının prezidenti Klayv Marşal və ABŞ-ın Associated Press agentliyinin vitse-prezidenti Con Danişevski mayın 14-də Azərbaycan Xalça Muzeyində olublar.

Qonaqlar muzeyin zalları ilə tanış edilib, onlara bu mədəniyyət ocağının fəaliyyəti və strukturu haqqında məlumat verilib.

Diqqətə çatdırıldı ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2008-ci ildə Azərbaycan Xalça Muzeyinin inşasına başlanılıb. 2014-cü ildə dövlətimizin başçısının iştirakı ilə muzeyin açılışı olub. Həmin vaxtdan etibarən muzey hər gün yüzlərlə ziyarətçinin ən sevimli yerinə çevrilib.

Qeyd olundu ki, orijinal üslubda inşa olunan bina bükülmüş xalçanı xatırladır.

Hazırda muzeyin sərgi və fondlarında 13 min 300-dən artıq eksponat və əşya saxlanılır. Muzeydə xalça və xalça məmulatları, parça, geyim və tikmə, metal, keramika, şüşə, ağac, kağız, zərgərlik əşyaları, kitablar, fotoşəkillərdən ibarət nadir kolleksiya mühafizə olunur. Bu kolleksiyanın ziyarətçilərə təqdimatı üçün binada ideal şərait yaradılıb. Muzeydə, həmçinin Böyük Britaniyanın "Viktoriya və Albert" muzeyində saxlanılan məşhur Şeyx Səfi xalçasının surəti də var.

Muzeyin "qızıl fondu"nu xovlu xalçalar təşkil edir. Onlar bütün kompozisiyaları ilə Azərbaycanın 7 əsas məktəbini təmsil edir. Bu xalçalar insanların, heyvanların, quşların üslublaşdırılmış təsviri, bitkilərin ornamentləri, xalqın həyatını təsvir edən süjetli motivlərlə bəzənib.

Bildirib ki, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə "Azərbaycan xalça sənəti" 2010-cu ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Qonaqlara ölkəmizdə xalça istehsalından, Azərbaycan xalqının həyatında xalçaların müstəsna rol oynadığı qədim dövrlərdən bəhs edən film nümayiş olundu.

Qonaqlar muzeyin xatirə kitabına ürək sözlərini yazdılar.

Azərbaycan Xalça Muzeyi qonaqlarda zəngin təəssürat yaratdı.

Bütün xəbərlər Facebook səhifəmizdə