“Zənginliyin, sadəliyin simvolu”

Qax rayon Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın 92-ci ildönümünə həsr olunmuş "Zənginliyin, sadəliyin simvolu" adlı xatirə gecəsi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə rayon ictimaiyyətinin müxtəlif təbəqələrinin nümayəndələri müəllimlər, həkimlər, mədəniyyət işçiləri, gənclər iştirak ediblər. Tədbir iştirakçıları öncə sərgi ilə tanış olublar. Gecəni giriş sözü ilə rayon Mədəniyyət və Turizm şöbəsinin məsləhətçisi Dilarə Əzizova açaraq Zərifə xanımın alım, pedaqoq, sədaqətli həyat yoldaşı, qayğıkeş ana, xeyirxah insan kimi fəaliyyətindən danışıb. Sonra C.Cabbarlı adına Mərkəzi Kitabxananın əməkdaşı Reyhan Xəlilovanın Zərifə xanımın həyat və fəaliyyətindən bəhs edən məruzəsi dinlənilib. Onun xüsusilə göz xəstəlikləri sahəsində elmi araşdırmaları və müalicəsi istiqamətində əməyin geniş məlumat verilib. Onu əsl azərbaycanlı qadınının simvolu kimi xarakterizə etdi. Məruzədə həmçinin onun xüsusi ailə məktəbi keçdiyi, Əziz Əliyev kimi ictimai-siyasi xadimin, həkimin ailəsində püxtələşdiyi, Ulu öndər Heydər Əliyevin həyat yoldaşı kimi məsuliyyət hiss edərək, işi ilə yanaşı ailə qayğılarını da zərif çiyinlərində məharətlə daşıdığı vurğulanıb.

Tədbirdə həmçinin Mərkəzi xəstəxananın həkimi Fatma Əhmədova, Heydər Əliyev Mərkəzinin direktoru Nərminə Omarova, Mərkəzi kitabxananın direktoru Güllü Əhmədova, Rayon Mədəniyyət evinin metodisti Rəna Məcidova çıxış ediblər. Çıxışlarda Zərifə xanımın həyat və fəaliyyətinin digər anları Xüsusilə onun incəsənətə, mədəniyyətə olan marağı, gözəl pianino ifa etməyi, ədəbiyyata dərindən yiyələnməyi geniş şərh edildi. Zərifə xanımın doğrudan da zənginliyin, sadəliyin simvolu olduğunu əminliklə söylədilər. Çıxış edənlər Zərifə xanım əsl azərbaycanlı qadını kimi hamı üçün örnək olduğunu vurğulayıblar.

Tədbirdə Rayon Mədəniyyət evinin "Arzu" ansamblının üzvlərinin ifasında mahnılar səslənib.

Qeyd edək ki, sonda Zərifə xanımla bağlı video-çarx nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə