Hər il Özbəkistanın Beynəlxalq Westminister Universitetində ənənəvi olaraq keçirilən dünya xalqlarının mədəniyyəti festivalında Azərbaycan mədəniyyəti, incəsənəti, tarixinə dair sərgi təşkil olunub. SİA-nın verdiyi məlumata görə, tədbirdə ölkəmizi Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.
Festivalın açılış mərasimində Özbəkistanın Beynəlxalq Westminister Universitetinin rektoru Komilcan Karimov qərb təhsil standartlarının tətbiq edildiyi və Orta Asiyada xarici tələbələrin ən çox təhsil aldığı Westminister Universitetində keçirilən xalqların mədəniyyəti və incəsənəti gününün əhəmiyyətindən danışmış və qeyd etmişdir ki, tədbir böyük təbliğati aksiyadır.
Festivalda Universitetlə sıx əməkdaşlıq edən Çin Xalq Respublikasının Daşkənddəki Səfirliyinə, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə, habelə Özbəkistandakı Hindistan Mədəniyyət Mərkəzinə fəxri diplomlar verilib.
Azərbaycan üçün ayrılmış otaqda dövlət bayrağımız, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın iqtisadi inkişafı, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin tarixinə, mədəniyyətinə, turizminə dair kitablar, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Qarabağ həqiqətləri" seriyasından rus və ingilis dillərində nəşrlər sərgilənib. Təşkil olunan videoçarxda Azərbaycanın füsunkar mədəniyyəti, turizm gözəllikləri nümayiş olunub.
Festivalda milli suvenirlərimiz, məişət əşyalarımız, həmçinin Azərbaycan musiqi alətləri, Mədəniyyət Mərkəzinin nəzdindəki naxıştikmə və rəsm dərnəyi üzvlərinin əl işləri iştirakçıların marağına səbəb olub.
Azərbaycanla bağlı bölməyə gələnlərə ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı haqqında müxtəlif məzmunlu kitab və jurnallar hədiyyə olunmuş və məlumatlandırılıblar.
Qeyd edək ki, Festivalda ABŞ, Böyük Britaniya, İtaliya, Çin, İran, Misir, Hindistan, Pakistan, Orta Asiya dövlətlərinin Özbəkistandakı mədəniyyət mərkəzləri və səfirlikləri iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB