Əlağa Şıxlinskinin 150 illik yubileyi FOTOLAR

Əlağa Şıxlinskinin 150 illik yubileyi FOTOLAR

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AQAC) təsisçisi, görkəmli hərbi xadim, general-leytenant Əlağa Şıxlinskinin 150 illik yubileyi ilə bağlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, AQAC-ın prezidenti Novruzəli Aslanov, Cəmiyyətin əməkdaşları və digər qonaqlar iştirak ediblər.

Tədbiri açan Novruzəli Aslanov AQAC-ın tarixi, fəaliyyəti və keçdiyi inkişaf yolu barədə ətraflı məlumat verib. Qeyd edilib ki, Cəmiyyət Azərbaycan Xalq Cümhuriyyəti, sovet dövrü və ölkəmizin müstəqilliyinin bərpasından sonra insanların sosial problemlərinin həllində mühüm rol oynayıb. N.Aslanov müstəqillik dövründə ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən Azərbaycan Qızıl Aypara Cəmiyyətinə göstərilən diqqət və qayğıdan da danışıb.

Tədbirdə çıxış edən Əli Həsənov Əliağa Şıxlinskinin Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaradılmasının təşəbbüskarı olduğunu xatırladaraq vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ayda təməli qoyulan bir çox işlər müstəqillik illərində davam etdirilib: "Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan Respublikasını Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edib. Xalq Cümhuriyyəti dövründə yaradılan Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu gün 95 illik yubileyini qeyd edir. 1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaradılması ilə bağlı qanun qəbul edilib, insanlara fövqəladə hallarda ilkin yardım göstərilməsi sahəsində Cəmiyyətin rolu müəyyənləşib".

Əli Həsənov Qızıl Aypara Cəmiyyəti fəallarının Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə müxtəlif orden və medallarla təltif edildiyini diqqətə çatdırıb.

Prezident Administrasiyasının rəsmisi orden və medalları təltif olunan şəxslərə təqdim edib.

Tədbir müzakirələrlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə