Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə görkəmli xanəndə, xalq artisti Canəli Əkbərovun 75 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdən əvvəl qonaqlar filarmoniyanın foyesində xanəndənin fotolarından ibarət sərgiyə baxıblar.
Yubiley gecəsində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan musiqi mədəniyyətinin tanıdılmasında böyük xidmətləri olan Canəli Əkbərovun yaradıcılığından söhbət açıb. Bildirib ki, muğamın sirlərini atasından öyrənən Canəli Əkbərov mükəmməl musiqi təhsili alıb, Seyid Şuşinski və Xan Şuşinski kimi ustad sənətkarlardan dərs alıb.
Nəzərinizə çatdıraq ki, C.Əkbərov sənətə gəldiyi ilk illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuş xanəndə 1976-cı ildən bu günə kimi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. Klassik bəstəkarlarımızın operalarında əsas partiyaların ifaçısı olan sənətkar teatr səhnəsində bir sıra yaddaqalan obrazlar yaradıb. Xanəndə fəxri adlara, o cümlədən "Şöhrət" və "Şərəf" ordenlərinə layiq görülüb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva Azərbaycan muğam sənətində iz qoyan Canəli Əkbərovun gözəl ifaçı, xanəndə olmaqla yanaşı, gözəl pedaqoq olduğunu, Mədəniyyət və İncəsənət Universitetində "Muğam sənəti" kafedrasına rəhbərlik etdiyini diqqətə çatdırıb.
Yubilyar gecənin təşkilində zəhməti olan hər kəsə minnətdarlığını bildirib.
Sonra xanəndənin ifası ilə müşayiət olunan foto-slayd nümayiş olunub.
Yubiley gecəsində xalq şairi Zəlimxan Yaqub və digər çıxış edənlər səbəbkarı təbrik edərək vurğulayıblar ki, Canəli Əkbərov Xan Şuşinskidən dərs aldığına görə xoşbəxt insandır, xanəndənin yetirmələri onunla fəxr edə bilərlər.
Tədbirdə xalq artistləri Nəzakət Teymurova, Zabit Nəbizadə, Səkinə İsmayılova, Gülyaz və Gülyanaq Məmmədovalar, əməkdar artistlər Zakir Əliyev, Səbuhi İbayev və Babək Niftəliyev, həmçinin Ehtiram Hüseynov, Sahib İbrahimov muğam və xalq mahnıları ifa ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB