“İşıqlanan yaddaş” adlı tədbir-sərgi keçirilib FOTOLAR

“İşıqlanan yaddaş” adlı tədbir-sərgi keçirilib FOTOLAR

Bu gün Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Cənubi Azərbaycanda baş vermiş "21 Azər" milli-azadlıq hərəkatının fəal iştirakçısı, Azərbaycan Demokratik Partiyasının yaradıcılarından biri, Milli Məclisin üzvü olmuş, keçmiş Müdafiə Naziri general Cəfər Kavianın 120 illik yubileyinə həsr olunmuş "İşıqlanan yaddaş" adlı tədbir-sərgi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Cəfər Kavianın oğlu Mark Kavian, Əlyazmalar İnstitutunun mətbuat katibi Kərimov Sərvan və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən muzeyin direktoru Fəridə Şəmsi bildirib ki, sərgidə ilk dəfə olaraq Cəfər Kavianın şəxsi əşyaları (hərbi geyim, Səttarxan ordeni, 21 Azər medalı, qılınc və s.), fotoşəkillər, sənədlər nümayiş olunur. Həmin əşyalar Cəfər Kavianın oğlu Marks Kavian tərəfindən muzeyə daimi mühafizəyə təhvil verilib.

Daha sonra Cəfər Kavianın oğlu Mark Kavian və digər qonaqlar söz alaraq general Cəfər Kavianın həyatı və fəaliyyət haqda məlumat veriblər. Diqqətə çatdırılıb ki, Cəfər Məmmədzadə Cənubi Azərbaycan milli hökumətinin müdafiə naziri idi. Xalqının azadlığı uğrunda çalışan general çətin və mürəkkəb həyat yolu keçib. İlk gəncliyindən gizli inqilabi işə qoşulduğundan o, iki adla fəaliyyət göstərib. Gəncliyində onun gizli adı Məşədi idi, Cənubi Azərbaycan milli hökumətinin milli qoşunlar vəziri olanda isə general Cəfər Kavian kimi tanınıb. Azərbaycan Demokrat Partiyası və milli hökuməti Cəfər Kavianın xalq qarşısındakı xidmətlərini yüksək qiymətləndirib. S.C.Pişəvərinin imzası ilə Mərkəzi Komitənin 1946-cı ilin sentyabr tarixli əmrində deyilir ki, "Ağaye general Cəfər Kavian, xalq qarşısında əməyinizə və əncam verdiyiniz xidmətlərə görə Mərkəzi Komitənin təsvibi üzrə siz Səttarxan ordeni ilə təltif olunursunuz". General Cəfər həm də hökumətin yeni təsis etdiyi "21 Azər" medalı ilə təltif olunub

Qeyd edək ki, sonda tədbir iştirakçıları general Cəfər Kavianın 120 illik yubileyinə həsr olunmuş "İşıqlanan yaddaş" adlı tədbir-sərgi ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə