Bu gün Bakı Ekspo Mərkəzində "AITF-2015" XIV beynəlxalq "Turizm və səyahətlər" sərgisinin rəsmi açılış mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Nazirliyin nümayəndələri, sərginin təşkilatçıları və digər rəsmi şəxslər iştirak ediblər.
Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək "AITF" sərgisinin artıq 14 ildir bütövlükdə turizm sənayesi üzrə beynəlxalq görüş platforması kimi regionda lider olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu sərgi üç gün ərzində turizm bazarının əsas iştirakçılarını bir araya gətirəcək turizm xidmətlərinin geniş çeşidini nümayiş etdirir: "İldən ilə bu sərginin əhəmiyyəti, buraya gələn qonaqların iştirakının sayı artmaqdadır. Dünyanın 42 ölkəsindən 371 şirkət "AITF 2015" sərgisi çərçivəsində 80-dək turizm istiqamətini təqdim edir. Hər il bizim sərgiyə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev turizm sənayesinin inkişafına şəxsən diqqət və qayğı göstərir və iştirak edir. Bu da tədbirin əhəmiyyətini artır, turizm sənayesinin vəziyyətinə böyük bir dəstəkdir. Artıq Azərbaycan turizmi özünəməxsus yer tutub. Keçirildiyi illərdə "AITF" sərgisi regionun müasir turizm bazarının ümumi mənzərəsini əks etdirməklə yanaşı, dünyanın müxtəlif guşələrinin koloritini təqdim edən aparıcı beynəlxalq sərgi statusunu daha da möhkəmləndirib. Azərbaycan bu gün böyük Beynəlxalq tədbirlərin məkanına çevrilib. Bu yeni konqres, tədbirlər, idman, mədəni mübadilə turizmini və may ayında baş tutacaq III Ümumdünya Mədəniyyətlərarası Formun keçirilməsi, iyun ayında dünyanın və Avropanın diqqətində olan I Avropa Oyunları məhz bizim turizm sənayesinin üzərinə böyük məsuliyyət qoyur. Hesab edirəm ki, Mədəniyyət və Turizm Nazirliyinin öhdəliyinə düşən vəzifələri layiqincə həll edirik. Həmçinin bizdə Turizm və Menecment Universiteti yaradılıb ki, bu sahənin daha da inkişafı üçün əhəmiyyətlidir. Turizm sənayesinin inkişafı dövlətin priolitet istiqamətləri sırasındadır. Düşünürəm ki, bu qədər ölkələrin və onların şirkətlərinin iştirakı sözügedən sərginin regionunun lider sərgisinin olmasına sübutdur. Onu da deyim ki, gələn il XV beynəlxalq "Turizm və səyahətlər" sərgisi ən nüfuzlu və ən geniş sferaları əhatə edən bir sərgiyə çevriləcək".
Daha sonra "İTE Group plc" şirkətinin icraçı direktoru Edvard Stroon çıxış edərək XIV Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər XIX Qafqaz Beynəlxalq Mehmanxana, restoran və supermarketlər üçün Avadanlıq və Ləvazimatlar və II Xəzər Beynəlxalq Kater və Yaxtalar sərgilərinin açılışında hər kəsi salamlayaraq sözügedən sərgidə 371 şirkətin iştirak etdiyini söyləyib: "Dünyanın 42 ölkəsindən 371 şirkət "AITF 2015" sərgisi çərçivəsində 80-dək turizm istiqamətini təqdim edir. Sərgidə Türkiyə, Argentina, Bolqarıstan, İran, Gürcüstan, Dominikan Respublikası, Hindistan, Malayziya, Mərakeş, Sloveniya, Tailand və digər ölkələrdən ümumilikdə 17 milli qrup iştirak edir. Hesab edirəm ki, növbəti illərdə bu sərgiyə gələnlərin sayı ikiqat artacaq. Ölkədə keçirilən beynəlxalq tədbirlər bu layihələrin daha da genişlənməsi üçün şərait yaradacaq".
Qeyd olunub ki, "AITF" sərgisi ilk gündən etibarən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilir. Sərgi həmçinin Ümumdünya Turizm Təşkilatı (ÜTT), Azərbaycan Turizm Assosiasiyası (AzTA) və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası (BTSA) tərəfindən də dəstəklənir. "AITF" sərgisi ilə paralel təşkil olunan 2-ci Xəzər Beynəlxalq Kater və Yaxtalar ("CIBS 2015") sərgisinə rəsmi dəstək isə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası tərəfindən göstərilir.
"Turizm və səyahətlər" sərgisi müxtəlif turizm imkanları ilə bol olan məkana çevrilməklə qapılarını aprelin 2-3-də yalnız turizm peşəkarlarının, aprelin 4-də isə bütün səyahət həvəskarlarının üzünə açacaq. Eyni zamanda, sərgi Azərbaycanın zəngin turizm potensialını xarici iştirakçılara əyani şəkildə göstərəcəkdir ki, bu da Azərbaycanın turizm təmayülü kimi məşhurlaşmasına xidmət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB