Soyqırımı ilə əlaqədar dəyirmi masa keçirilib

Soyqırımı ilə əlaqədar dəyirmi masa keçirilib

1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşaqların öldürülməsi ilə nəticələnib. SİA-nın verdiyi məlumata görə, bu faciə ilə əlaqədar martın 30-da H.Sarabski adına Mədəniyyət evində dəyirmi masa keçirilib.

İlk öncə Vətən uğrunda canından keçmiş Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbiri Mədəniyyət evinin direktoru Tərlan Akçay açaraq bildirib ki, azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırım siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə məruz qalıb.

Daha sonra Mədəniyyət evinin əməkdaşları Samirə İsmayılova, Naimə İsayeva qeyd etdilər ki, Azərbaycanlıların kütləvi şəkildə qırılmasını ötən əsrin dünya tarixinin ən faciəvi səhifələrindən biri hesab etmək olar.

Tədbirdə həmçinin vurğulanıb ki, Azərbaycan xalqına qarşı törədilmiş soyqırım faciəsini qeyd etmək məqsədilə ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur. Bu təqvim 200 ildə Azərbaycan tarixində baş vermiş faciəvi hadisələrin xalqın yaddaşında həkk olunmasını özündə əks etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə