“Axirətdən gələn zəng” kitabının imza günü olub

“Axirətdən gələn zəng” kitabının imza günü olub

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yazıçı, publisist Hüseynbala Mirələmovun "Axirətdən gələn zəng" kitabının imza mərasimi keçirilib. Yazıçılar Birliyindən SİA-ya verilən məlumata görə, "Mütərcim" nəşriyyatında çap olunan kitab Azərbaycan Yazıçılar Birliyinin aybKitab layihəsinin nəşridir.

Kitabda yazıçının "Axirətdən gələn zəng" pyesi və iki hekayəsi yer alıb. Təqdimat mərasimini giriş sözü ilə açan "Azərbaycan" dərgisinin baş redaktor müavini Əsəd Cahangir qonaqları salamladıqdan sonra Hüseynbala Mirələmovun yaradıcılığı haqqında danışıb. Bildirib ki, dramaturq, publisist, ictimai xadim Hüseynbala Mirələmov milli-vətənpərvərlik mövzusunda yazan yazıçıdır.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar çıxışında Hüseynbala Mirələmovu yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edib.

"Hüseynbala Mirələmovun əsərlərini oxumaq asandır. Onun eyni üslubu, düşüncə tərzi var. O, bütün əsərlərini səmimiyyətlə yazır, həyatı, dünyanı modelləşdirmir, simvollaşdırmır, gördüyü kimi qələmə alır." Bu fikirləri tədbirdə Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millət vəkili, professor Nizami Cəfərov səsləndirib.

Tədbirdə Elçin Hüseynbəyli, Vaqif Yusifli, Balayar Sadiq, Ənvər Əhməd, Himalay Qasımov, Əli Rza Xələfli, Oqtay Rza, İslam Qəribli və başqaları çıxış edərək Hüseynbala Mirələmovun yaradıcılığından bəhs ediblər, müəllif haqqında öz ürək sözlərini söyləyiblər, təqdim olunan kitab haqqında təəssüratlarını bölüşüblər, yazıçıya yaradıcılıq uğurları arzulayıblar.

Qeyd edək ki, sonda çıxış edən Hüseynbala Mirələmov tədbirin keçirilməsinə görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, iştirakçılara minnətdarlıq edib, kitabını imzalayaraq oxuculara təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə