Nizami Kino Mərkəzində yeni filmlər nümayiş olunur FOTOLAR

Nizami Kino Mərkəzində yeni filmlər nümayiş olunur FOTOLAR

Bu gündən etibarən Nizami Kino Mərkəzi kiçik tamaşaçıları üçün "Ev" animasiya filminin və ABŞ-ın "Snayper", "Divergent 2: İnsurgent", Türkiyə istehsalı olan "Kod adı: KOZ" filmlərinin nümayişinə başlayır. SİA-nın verdiyi məlumata görə, Amerika rejissoru Tim Consonun çəkdiyi "Ev" cizgi filmi ailəvi komediya, komediya və macəra janrındadır.

Yer planetini zəbt edən Buv irqinin yadplanetliləri, burada dəyişikliklər etməyə başlayırlar. Riskli və diribaş olan Dar adlı qız yadplanetlilərdən qaçaraq, öz qəbiləsi tərəfindən rədd edilmiş "O" adlı qıcıq və eyni zamanda optimist Buv ilə rastlaşır. Tamamilə fərqli olan cütlük yer planetini xilas etməlidir. Yaxşı ki, onların uçan avtomobilləri var!

Filmdə rolları Cim Parsons, Rihanna, Stiv Martin, Cenifer Lopez, Mett Cons, Derek Blankenşip, Brayan Stepanek və başqa aktyorlar canlandırıb.

Brayan Daffildin ssenarisi əsasında, rejissor Robert Şventkenin çəkdiyi "Divergent 2: insurgent" filmi triller, macera və fantastika janrındadır.

Antiutopist cəmiyyət haqqında olan ikinci bölümdə hər şey xırdalıqlara qədər öz yerindədir, ən kiçik individuallıq kökündən məhv olunmağa məhkumdur. Doğmalarını ölümdən qurtarmaq üçün Tris, qorxunc sistemə qarşı mübarizə yolu tapmalıdır. Bu mücadilədə, ən əsası düşmənin onun qəlbində yaradacaq parçalanmaya yol verməməkdir.

Filmdəki rolları Şeylin Vudli, Teo Ceyms, Keyt Uinslet, Cay Kortni, Ensel Elqort, Maylz Teller, Zoi Kravits, Mekhay Fayfer, Naomi Uotss, Oktaviya Spenser və digər aktyorlar ifa ediblər.

Yeni filmlər sırasında olan "Snayper"i rejissor Klin İstvud çəkib. Ekran əsəri döyüş, dram və hərbi- bioqrafiya janrındadır.

Film, İraq müharibəsində snayper kimi xidmət edən və öldürdüyü əsgərlərin sayına görə iraqlılar tərəfindən şeytan ləqəbi almış texaslı Kris Kayldan bəhs edir. Ekran əsərinin sloqanı: "Ölümün nişangahında"dır.

Filmdəki obrazları aktyorlar Bredli Kuper, Sienna Miller, Kayl Qallner, Koul Konis, Ben Rid, Eliz Robertson, Lyuk Sanşayn, Troy Vinsent, Brendon Salqado, Keyr O’Donnell və başqaları canlandırıb.

"Kod adı; K.O.Z.: Maskeler Düşüyor" filmini rejissor Celal Çimen kriminal və cəsusluq janrında çəkib

Film, son illər Türkiyədə baş verən siyasi hadisələrdən bəhs edir.

Filmdə baş rollarda Cem Kurtoğlu, Hazım Körmükçü, Tolga Karel, Günay Musayeva və başqaları çəkiliblər.

Həmçinin, şəhərin kiçik sakinləri üçün martın 23-24-25-26-27-də Nizami Kino Mərkəzində Fövqəladə Hallar Nazirliyinin strukturu olan Adil İsgəndərov adına Mədəniyyət Mərkəzinin təşkil etdiyi "Novruz" şənlikləri keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə