“Rast. Niyazi” sənədli filminin təqdimatı olub

“Rast. Niyazi” sənədli filminin təqdimatı olub

Bu gün Azərbaycan Bəstəkarlar İttifaqı Ü.Hacıbəyli adına Konsert Salonunda "Müasirlərlə dialoq" layihəsi çərçivəsində "Rast. Niyazi" sənədli filminin təqdimatı olub. SİA-nın verdiyi məlumata görə, tədbirdə Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, xalq artisti Eldar Quliyev, rejissor Nona Müzəffərova, əməkdar incəsənət xadimi İntiqam Qasımzadə, bəstəkarlar, media nümayəndələri və başqaları iştirak ediblər.

Tədbir "Rast. Niyazi" sənədli filminin nümayişi ilə başlayıb.

Daha sonra Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə və filmin yaradıcı heyəti çıxış edərək Niyazinin Azərbaycan musiqisinə böyük şöhrət gətirdiyini diqqətə çatdırıblar. Bildirilib ki, Niyazi həm gözəl bəstəkar, həm də peşəkar dirijor olub. O, Azərbaycan musiqisini təkcə ölkəmizdə deyil, bütün dünyada tanıtmaqla yanaşı, həm də sevdirib.

Nəzərinizə çatdıraq ki, "Rast. Niyazi" filminin bədii rəhbəri və prodüseri xalq artisti Eldar Quliyev, rejissoru Nona Müzəffərova, ssenari müəllifi isə İntiqam Qasımzadədir.

Qeyd edək ki, tədbir müzakirələrlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə