“Yəhya bəy Dilqəm” Naxçıvan səhnəsində

“Yəhya bəy Dilqəm” Naxçıvan səhnəsində

Yanvarın 9-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında şair-dramaturq Taleh Həmidin "Yəhya bəy Dilqəm" əsəri nümayiş etdirilib. Teatrda 2015-ci ilin birinci tamaşası sayılan əsər ilk dəfədir ki, səhnəyə qoyulub.

"Yəhya bəy Dilqəm" Taleh Həmidin dramaturq kimi səhnələşdirilən ilk əsəridir. Siyasi cəhətdən mürəkkəb hadisələrin yaşandığı XIX əsrin əvvəllərində Şəmkirdə yaşayan xalq aşığı Yəhya bəy Dilqəmin həyatı və yaradıcılığı əsərdə öz əksini tapıb.

Şair qəlbli Yəhya bəyin saf sevgisi, lakin uğursuz ailə həyatı, erməni və duxaverlərin çar Rusiyası tərəfindən Qarabağa, Şəmkirə və Gəncəbasara köçürülmələri əsərdə incə çalarla işlənib. Tarixi şəxsiyyət olan Yəhya bəy aşıq sənətinə ilk dəfə "Dilqəmi" havasını və "gəlirmola", "görürmola" kimi rədifli aşıq qafiyəsini gətirib.

"Yəhya bəy Dilqəm" xalq dastanının motivləri əsasında yazılan dram əsərinin rejissoru Azərbaycan Respublikasının Xalq Artisti Kamran Quliyevdir.

Tamaşanın musiqi tərtibatçısı Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi İmamqulu Əhmədov, rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı Əbülfəz Axundovdur.

Tamaşaçılar tərəfindən alqışlarla qarşılanan səhnə əsərində Yəhya bəy Dilqəm rolunu Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti Səməd Canbaxşıyev, Böyükağa bəyi Azərbaycan Respublikasının Xalq Artisti Həsən Ağasoy, Nisəbəyim xanımı aktrisa Nazlı Hüseynquluyeva, Tellini Nurbəniz Niftəliyeva, Mirzə Əmiri Azərbaycan Respublikasının Əməkdar Artisti Xəlil Hüseynov, Nəsib bəyi Azərbaycan Respublikasının Əməkdar Artisti Yusif Allahverdiyev ifa ediblər.

Zəminə Baxşəliyevanın (Qumru), Bünyad Səttarovun (Musa), Zülfiyyə Zeynalovanın (Ceyran), Səyyad Məmmədovun (Bağır), Şölə Novruzbəylinin (Gülgəz), Azərbaycan Respublikasının əməkdar artistləri Əbülfəz İmanovun və Bəhruz Haxverdiyevin (rus zabitləri) ifaları tamaşaçıların böyük marağına səbəb olub.azərtac

Bütün xəbərlər Facebook səhifəmizdə