Səhiyyə Nazirliyində 2014-cü ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA –ya verilən məlumata görə, iclası giriş sözü ilə səhiyyə naziri Oqtay Şirəliyev açıb.
Sonra nazirliyin tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov il ərzində görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, səhiyyəyə ayrılan büdcə vəsaiti son 5 ildə 2 dəfədən çox artırılıb. Bu da səhiyyə müəssisələrində çoxsaylı tikinti və yenidənqurma işlərinin aparılmasına və onların ən yüksək səviyyədə təchizatına imkan veribdir. Təkcə bu il ərzində 66 səhiyyə müəssisəsində təmir-tikinti işləri aparılıb. Bunlardan 18-i Bakı şəhərində, 48-i isə regionlarda yerləşən səhiyyə müəssisələridir. Sevindirici haldır ki, Bakı Sağımlıq Mərkəzinin, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının açılışında ənənəvi olaraq Prezident İlham Əliyev şəxsən iştirak edib. Həyata keçirilən bu və digər genişmiqyaslı tədbirlər nəticəsində xəstəxana çarpayılarının işinin səmərəsi əhəmiyyətli dərəcədə artaraq, onların məşğulluq göstəricisi son 5 il ərzində 2 dəfə yüksəlibdir.
Qeyd olunub ki, əhaliyə göstərilən tibbi xidmətin genişləndirilməsində və keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul edilmiş dövlət proqramlarının xüsusi rolu olub. Şöbə müdiri deyib ki, son illərdə səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri olan xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi artıq öz həllini tapıb. Respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 32 mərkəzdə, o cümlədən regionlarda yaradılmış 25 mərkəzdə 2600-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunur. Yalnız 2014-cü ildə Astara, İsmayıllı və Tovuz rayonlarında 3 yeni hemodializ mərkəzi açılıbdır. Bu xəstələrin radikal müalicə üsulu olan böyrəkköçürmə əməliyyatlarının sayı da artıbdır. 2014-cü ildə respublikanın dövlət xəstəxanalarında 61 belə əməliyyat icra olunub.
Ana və uşaqların sağlamlığının qorunması işinin dövlət siyasətinin ən vacib istiqamətlərdən olduğunu qeyd edən G. Poladov 2014-cü ildə uşaqların 90 faizindən çoxunun müayinələrlə əhatə olunduğunu bildirib. Diqqətə çatdırılıb ki, tibbi müayinədən keçirilmiş uşaqların 3,4 faizi sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb, 5,1 faizi isə müalicə tədbirlərinə cəlb edilib. Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramının icrası ilə bağlı artıq diridoğulmanın beynəlxalq meyarları qəbul olunub və 2015-ci ilin yanvarın 1-dən bunun tətbiqinə başlanılacaqdır. Əgər 2009-cu ildə respublikada körpə ölümü göstəricisi 11,3 promilli idisə, 2014-cü ildə bu rəqəm 10,2-yə enib. Ana ölümü əmsalı hər min diridoğulmaya qarşı 14,5-ə bərabər olub.
Talassemiya və hemofiliyalı xəstələrin müalicəsində müsbət nəticələr əldə edildiyi, son illər Azərbaycanda kardiocərrahiyyə sahəsinin sürətlə inkişaf etdiyi bildirilib.
Digər çıxış edənlər də il ərzində görülmüş işlər və əldə olunmuş nailiyyətlər haqda kollegiya iştirakçılarına məlumat veriblər.
Nazir Oqtay Şirəliyev bütün bu nailiyyətlərə ölkə başçısının müdrikliyi, möhkəm iradəsi və şəxsi iradəsi nəticəsində nail olunduğunu diqqətə çatdırıb.
"Artıq necə illərdir ki, mütəxəssislərin hazırlanması siyasəti davam etdirilir. Artıq bunun bəhrəsini görməyə başlamışıq. Bir neçə il öncə səhiyyəmizlə bağlı arzuladığımız, xəyal etdiyimiz şeylərin həyata keçdiyini görürük. Heydər Əliyev Fondu tərəfindən, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Respublika Talassemiya Mərkəzi yaradılıb. İrsi qan xəstəliklərindən əziyyət çəkən insanlar əvvəllər sümük iliyi transplantasiyası üçün Avropa ölkələrinə, Rusiyaya üz tuturdular. Bu, böyük vəsait, mütəxəssis tələb edən işdir. Biz bunu nə vaxt həyata keçirə biləcəyimizi düşünürdük. Bu gün isə artıq Respublika Talassemiyya Mərkəzində 2014-cü il ərzində 10 sümük iliyi transplantasiyası həyata keçirilib. İlk əməliyyatlar Belarus mütəxəssislərin köməyi ilə həyata keçirilsə də, sonralar öz mütəxəssislərimiz, cərrahlarımızı sümük iliyi transplantasiyası əməliyyatı aparmağa başladılar.
Daha sonra səhiyyə nazirinin xüsusi əmri əsasında təltif olunmuş şəxslərin adları acıqlanıb, onlara döş nişanları və "Fərqlənmə diplom"ları təqdim edilib.
Qeyd edək ki, kollegiya iclası 2014 –cü ilin yekunlarına həsr olunmuş filmin nümayişi ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB