Gürcüstandakı Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Mərkəzinin dəvətinə əsasən Abşeron rayon Xırdalan şəhər Uşaq Musiqi Məktəbinin müəllim və şagirdləri Tbilisi və Marneuli şəhərlərində 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təşkil olunmuş tədbirlərdə iştirak etmək məqsədilə Gürcüstana səfər ediblər. SİA-nın verdiyi məlumata görə, M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin, Marneuli Resurs Mərkəzinin və Azərbaycan Mədəniyyəti Mərkəzinin təşkili ilə Marneuli şəhər 8 nömrəli orta məktəbdə Xırdalan şəhər Uşaq Musiqi Məktəbinin xalq çalğı alətləri orkestri Azərbaycan klassik və xalq musiqisindən ibarət konsert proqramı ilə çıxış edib. Məktəbin müəllim və şagirdləri Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində olublar. Tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin nümayəndəsi iştirak edərək şagirdlərə hədiyyələr təqdim edib.
Bu gün, 22 dekabr tarixində Tbilisi şəhər 64 nömrəli orta məktəbdə Xırdalan şəhər Uşaq Musiqi Məktəbinin şagirdlərinin konserti keçiriləcək.
Gürcüstandakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi bu tədbirlərin Azərbaycan mədəniyyətinin təbliğində, Gürcüstanda yaşayan soydaşlarımızla mədəni əməkdaşlığın inkişaf etdirilməsində, iki ölkənin gəncləri arasında dostluq münasibətlərinin yaradılmasında, gənclərdə milli musiqimizə maraq oyadılmasında böyük əhəmiyyətini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB