"Nabat" bədii filmi 63-cü Mannheym-Heydelberq Beynəlxalq Film Festivalında (International Filmfestival Mannheim-Heidelberg) 3 mükafata layiq görülüb. Kinostudiyadan SİA-ya verilən məlumata görə, filmimiz "Müstəqil Beynəlxalq Münsiflər Heyəti"nin (Independent International Jury) rəyinə əsasən insan əzmliliyininin hekayəsini təsirli və ümumdünyəvi şəkildə əks etdirən ən yaxşı film kimi Mannheym-Heydelberq Beynəlxalq Film Festivalının "Mannheym-Heydelberq mükafatı"na (Mannheim-Heidelberg Award) layiq görülüb. Bu festivalın üç əsas mükafatından biridir.
"Nabat" bədii filmi həmçinin "Müstəqil Beynəlxalq Münsiflər Heyəti"nin nüfuzlu "Beynəlxalq Kinotənqidçilər Mükafatı"na (International Film Critics’ Prize) layiq görülüb. Münsiflər heyətinin rəsmi rəyinə görə bu mükafat rejissorun müharibə zamanı yaşlı qadının sədaqətli, mərhəmətli və təkbaşına müqavimətini xüsusi şəkildə göstərməklə yanaşı həm də kənd mənzərəsini alleqoriyaya poetik inkişafını əks etdirməklə film dilinin təkrarolunmaz üslubundan istifadə etdiyi üçün təqdim olunub.
Bu mükafatlarla yanaşı filmimiz Fransa, Almaniya, İsveç və Avstriyadan olan münsiflər heyətinin rəyinə əsasən "Ecumenical Jury mükafatı"na layiq görülüb.
Mükafatların təqdimolunma mərasimində filmin rejissoru və ssenari müəllifi Elçin Musaoğlu iştirak edib.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 2014-ci ildə istehsal olunan "Nabat" filminin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu rejissoru Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB