Elçin Əzizov Opera və Balet Teatrında çıxış edəcək

Elçin Əzizov Opera və Balet Teatrında çıxış edəcək

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi Rusiya Dövlət Akademik Böyük Teatrının solisti, Azərbaycanın əməkdar artisti Elçin Əzizovu C.Verdinin "Traviata" operasının tamaşasında Jermon rolunda çıxış etmək üçün dəvət edib. SİA-nın verdiyi məlumata görə, noyabrın 30-da baş tutacaq tamaşada Elçin Əzizovla yanaşı Azərbaycan Opera və Balet Teatrının gənc və istedadlı solistləri İlahə Əfəndiyeva (Violetta) və Fərid Əliyev (Alfred), habelə xalq artisti Əli Əsgərov (Markiz), əməkdar artist Səbinə Əsədova (Flora), Anton Ferştandt (Doktor) çıxış edəcəklər.

Tamaşanı dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.

Qeyd edək ki, Elçin Əzizov Böyük teatrda çalışan ilk azərbaycanlı solistdir. O, vokalçıların beynəlxalq müsabiqələrinin laureatıdır. Dünyanın bir sıra ölkələrində - Rusiya, Avstriya, İtaliya. Fransa, Mərakeş, ABŞ və s. uğurlu qastrol səfərlərində olub.

Bütün xəbərlər Facebook səhifəmizdə